Xəbər lentİ


Aqiyə Naxçıvanlı: "Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi"

14:00, 19.04.22
202
gundem / siyaset
Aqiyə Naxçıvanlı: "Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi"“Azərbaycan dili tariximizin müxtəlif dövrlərində rəsmi olaraq dövlət dili elan olunsa və hətta bir müddət bu statusda fəaliyyət göstərsə də, nəticə etibarı ilə dilimizin bu statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi fazasına qədəm qoydu. Tam qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ümummilli Lider Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Millət vəkili Azərbaycan dilinə dövlət dili statusunun verilməsini Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri olduğunu vurğulayaraq, bununla da Ulu Öndər tərəfindən gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birinin məharətlə qorunduğunu bildirib. Daha sonra Aqiyə Naxçıvanlı Ulu Öndər Heydər Əliyevin ana dilimizin inkişaf etdirilməsi məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşdığını qeyd edərək bunları deyib: “Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların və dövlət xadimlərinin cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi. O, həmçinin rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Əlbəttə ki, Ümummilli Liderimizin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Lider demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli Lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini yaratdı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi”.

Həmçinin Aqiyə Naxçıvanlı xüsusi olaraq belə bir məqamı da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair vacib qərarlara imza atıb: “Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq, 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Həmçinin Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun isə ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktıdır”, – deyə A.Naxçıvanlı fikirlərini tamamlayıb.

Fikirlər

 Oxşar xəbərlər: