Xəbər lentİ


"İki qardaş ölkənin strateji müttəfiqliyi əməldədir" - Əhliman Əmiraslanov

23:50, 01.06.22
83
gundem / siyaset
"İki qardaş ölkənin strateji müttəfiqliyi əməldədir" - Əhliman ƏmiraslanovBu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan Respublikasının müstəqilliyi günü - 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iki qardaş və strateji müttəfiq olan ölkələrin prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdaoğanın birgə iştirak etməsi, oradan verdikləri bəyənatlar buna ən bariz nümunədir. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Festivalda cənab prezident İlham Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi. Tarixi Şuşa Bəyannaməsindən sonra rəsmən strateji müttəfiqlik zirvəsinə ucalan Türkiyə və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, orduquruculuğu istiqamətində və.s Artıq hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinəçatdırdı. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı. Şuşa Bəyannaməsində həm də müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub. 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı da məhz bu istiqamətdə müasir texnologiyaların birgə tətqiq və tətbiq edilməsinin gələcək nəsillərə aşılanması məqsədi daşıyır desək yanılmarıq. Əlbəttə ki, iki dövlət arasında aparılan bu siyasət bütün bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyır.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov

Fikirlər

 Oxşar xəbərlər: