
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 2 il ötür.
2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib.
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.
Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış Xudafərin körpülərinin işğaldan qurtarılması Azərbaycan Ordusunun Qələbəyə inamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.
Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.
Hazırda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi davam etdirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun, o cümlədən Xudafərin körpüsünün işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.