Xəbər lentİ


Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib

09:04, 08.06.24
5
gundem
Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilibİyunun 6-da Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib. Brifinqdə Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova çıxış edib.
Türk Dövlətləri Parlament Assambleyası 13-cü plenar iclasını uğurla başa vurduğunu deyən Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətə, türk dünyasında parlamentlərarası əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə təşəkkürünü bildirib.
Bu gündən Azərbaycan Respublikasının Milli Məclisinin TÜRKPA-ya sədrliyi təhvil aldığını deyən spiker Sahibə Qafarova vurğulayıb ki, təşkilata sədrliyimiz dövründə əməkdaşlığımızın inkişafı naminə var-gücümüzlə çalışacağıq.
Çıxışında Sahibə Qafarova bütün nümayəndə heyətlərinə iclasda fəal iştiraklarına görə minnətdarlıq ifadə edib. TÜRKPA-nın parlamentlərimizin qarşılıqlı faydalı əməkdaşlığının səmərəli platformasına çevrildiyini deyən spiker təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, yeni məzmunla zənginləşdirilməsi üçün birgə səylərin bundan sonra da davam etdirilməsində hamının həmfikir olduğuna əminliyini ifadə edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlament Assambleyasının Şura və plenar iclaslarında gündəlikdə duran bütün məsələlər nəzərdən keçirilib, TÜRKPA-nın ötən dövrdəki fəaliyyəti dəyərləndirilib, gələcəkdə atılacaq addımlarla bağlı bir sıra qərarlar qəbul edilib.
Spiker Sahibə Qafarova deyib ki, Assambleyanın 13-cü plenar iclası “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr edilib. İclas çərçivəsində müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar müzakirə olunub. Eyni zamanda bildirilib ki, iclas çərçivəsində yaşıl enerji sahəsində ölkələrimizin irəli sürdüyü təşəbbüslər və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Cari ilin noyabrında Azərbaycanın evsahibliyi edəcəyi COP29-un və bu çərçivədə Azərbaycan Respublikası Milli Məclisinin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Toplantısının həmrəyliyimizin və birgə səylərimizin təşviqi baxımından mühüm platformalar rolunu oynayacağı qeyd olunub.
TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova qeyd edib ki, plenar iclasın yekununda qəbul edilmiş Bakı Bəyannaməsində bir çox mühüm mövzulara toxunulub. Bu Bəyannamə ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin təzahürüdür.
Brifinqdə çıxış edən Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürlərini bildiriblər, Azərbaycan tərəfinə sədrlik dövründə uğurlar arzulayıblar.
TÜRKPA-nın 13-cü plenar iclasının yekunları barədə danışan çıxışçılar, iclas çərçivəsində aparılmış fikir mübadiləsinin, qəbul edilmiş mühüm qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər, üzv ölkələr arasında əməkdaşlığın və birgə fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib
Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib
Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib
Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib

Fikirlər

 Oxşar xəbərlər: