Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılıb və zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.
Şahbuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.