Xəbər lentİ


Nazir: 2016-cı il Azərbaycan-İran əlaqələrinin genişləndirilməsində həlledici rol oynayıb

13:35, 29.12.16
470
iqtisadiyyat
Nazir: 2016-cı il Azərbaycan-İran əlaqələrinin genişləndirilməsində həlledici rol oynayıb Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, yerli şirkətlərin birgə əməkdaşlığının stimullaşdırılması, sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsi, peyk xidmətləri sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə qonaqları salamlayan Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizə səfəri çərçivəsində M.Vaezinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasını dövlətlər arasında əməkdaşlıq səviyyəsinin göstəricisi olduğunu bildirib. R.Quluzadə 2016-cı ilin İran ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, mühüm əhəmiyyət daşıyan layihələrin icrası, əlaqələrin genişləndirilməsi istiqamətində həlledici rol oynadığını qeyd edib.
Nazir “Bakutel” Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgi-Konfransında iştiraka görə həmkarına təşəkkür edib və sərgidə təmsil olunan İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edib. İl ərzində ölkəmizdə İKT sektorunda həyata keçirilən işlərdən və layihələrdən bəhs edən R.Quluzadə dekabr ayında ölkə üzrə tam olaraq rəqəmli televiziya yayımına keçildiyini bildirib və bu yeniliyin İranla sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsində xüsusi rol oynadığını diqqətə çatdırıb.
Öz növbəsində M.Vaezi rabitə və yüksək texnologiyalar sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan geniş istifadə olunmaqla iki ölkə arasında bütün istiqamətlərdə səmərəli əməkdaşlıq əlaqələri qurulub. O, kosmik sənaye sahəsində faydalı əməkdaşlığın mümkünlüyünü qeyd edib. Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən həyata keçirilməsi qərara alınıb.

Fikirlər

 Oxşar xəbərlər: