Xəbər lentİ


Azərbaycanda kredit faizləri azala, depozit faizləri isə arta bilər - TƏHLİL

10:44, 03.11.21
5
iqtisadiyyat
Azərbaycanda kredit faizləri azala, depozit faizləri isə arta bilər - TƏHLİL 29 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib. Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.
Uçot dərəcəsinin artırılması kredit və depozit faizlərinə necə təsir edəcək?
İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bankın əvvəlki uçot dərəcələri ilə müqayisə etsək 7 %-dək artım yüksək sayılmır:
“Lakin Mərkəzi Bank uçot dərəcəsini artırmaqda davam etsə, bu, milli valyutada depozit faizlərinə təsir göstərəcək. Yəni tendensiya milli valyutada depozitlərin həcmində artımlara da səbəb ola bilər. Eyni zamanda kommersiya bankları tərəfindən təklif olunan depozit faizlərinin artırılacağı halda sığortaların depozit faizlərinə baxılması və onun dəyişdirilməsi ilə bağlı qərar qəbul edilə bilər.”
V.Bayramov həmçinin bildirib ki, kredit faizlərində azalmalar müşahidə oluna bilər:
“Ümumiyyətlə Mərkəzi Bankın siyasəti kredit faizlərinin aşağı salınmasına nail olmaqdan ibarətdir. 2021-ci ildə kreditlərdə müəyyən azalmalar müşahidə olunurdu, amma hələ də kredit faizləri yüksəkdir. Bu səbəbdən kredit faizlərinin mərhələli şəkildə azaldılmasının gələn il də davam etdiriləcəyi gözlənilir. Lakin hazırda kredit fazilərində kəskin azalmaların olacağını proqnazlaşdırmırıq.”
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Trend-ə açıqlamasında bildirib ki, kreditlərlə bağlı kəskin artım olması gözlənilmir:
“Ona görə ki, kredit faizləri olduqca sərtdir və kreditləşmədə müəyyən problemlər var. Eyni zamanda kreditləşmə şərtlərində sərtləşmənin olmamasının bir səbəbi də Azərbaycanın kommersiya banklarının öhdəliklərində Mərkəzi Bankın verdiyi kreditlərin çəkisinin çox aşağı olmasıdır. Uçot dərəcəsi ilə Mərkəzi Bank yalnız qısa müddətli əməliyyatlarda banklara vəsaitləri verir. Bu səbəbdən real təsir çox güclü olmayacaq.”
“Belə olan halda depozitlərin faizlərinin artması qaçılmazdır. Hesab edirəm ki, depozitlərin faiz dərəcələri yaxın aylarda artacaq və buna uyğun olaraq da Əmanətlərin Sığortalanması Fondu aidiyyatı qərarı verəcək.”
Xatırladaq ki, oktyabrın 29-da Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.
Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb.

Fikirlər

 Oxşar xəbərlər: