Xəbər lentİ


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə zərfinin müzakirəsi başlandı

10:55, 11.11.21
1
iqtisadiyyat
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə zərfinin müzakirəsi başlandı Noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan 4 qanun layihəsi – “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda komitənin sədri Tahir Mirkişiliöncə Vətən müharibəsində qazanılan Qələbədən söz açıb və düz bir il əvvəl – 10 noyabr 2020-ci il tarixdə işğalçı Ermənistanın kapitulyasiya aktı imzalamağa məcbur olduğunu qeyd edib. Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, hamıya uğurlar arzulayıb.
Gündəlik barədə məlumat verən Tahir Mirkişili VI çağırış Milli Məclisin rəhbərliyinin apardığı islahatlar nəticəsində komitə iclaslarının inklüzivliyininartırıldığını, iclasların daha əhatəli və daha effektiv keçməsinin təmin olunduğunu qeyd edib. Azərbaycan Prezidentinin parlament qarşısında qoyduğu tövsiyələrlə əlaqədar qanunvericiliyin keyfiyyətinin artırılması və qəbul olunan aktların icrası zamanı daha çox effektivliyə nail olunması istiqamətində mühüm addımlar atıldığını bildirib. Nəzərə çatdırıb ki, məhz bu baxımdan Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə bugünkü iclasda komitə üzvləri ilə birgə parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri də iştirak edirlər. Vurğulayıb ki, bu, həm də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi islahatların qanunverici orqan tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri bildirib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan, gələn il üçün dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər “Büdcə sistemi haqqında” qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanıb. Təqdim olunmuş layihələrə Hesablama Palatası rəy verib.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək 2022-ci ilin dövlət və icmal büdcələrinin layihələri və sonrakı 3 il üçün icmal büdcənin əsas göstəriciləri barədə ətraflı məlumat verib. Həmin sənədlərlə birlikdə bir sıra qanunlara, o cümlədən Vergi Məcəlləsinə, sosial sığorta, dövlət rüsumu, dövlət satınalmaları, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası, büdcə sistemi, dövlət borcu haqqında və digər qanunlara dəyişikliklərinedilməsini nəzərdə tutan qanun layihələrinin də təqdim olunduğunu bildirib.
2022-ci ilin dövlət büdcəsi xərclərinin 29 milyard 879 milyon manat məbləğində təklif olunduğunu bildirən Samir Şərifov qeyd edib ki, bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcəsidir və növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 34,5 faizinə bərabərdir.
İclasda bildirilib ki, gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır. Amansız düşmənin vəhşicəsinə talan etdiyi kənd, qəsəbə və şəhərlərin yenidən qurulması və tarixi simalarının qaytarılması, ərazilərin minalardan təmizlənməsi, zəruri yol-nəqliyyat, elektrik, rabitə, su, qaz və digər kommunal infrastrukturların, həmçinin sosial-mədəni obyektlərin tikintisi, mədəni-tarixi abidələrin bərpası istiqamətində başlanılmış böyük həcmli işlər sürətlə davan etdirilməkdədir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini və Zəfər yolunun açılışını əzəmətli bərpa prosesi kimi dəyərləndirən nazir qeyd edib ki, növbəti ildə də işğaldan azad olunmuş ərazilərin bərpası məqsədi üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Samir Şərifov deputatlara məlumat verib ki, Silahlı Qüvvələrimizin müdafiəqabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyiningücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədlərinin sərhədçilərimiz tərəfindən etibarlı qorunması, eləcə də həmin ərazilərdə ictimai asayişin təmin edilməsi üçün gələn ilin büdcə xərclərinin 15 faizi həcmində və yaxud 4 milyard 490 milyon manat vəsait nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi, 2022-ci ilin yanvarın 1-dən əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması da nəzərdə tutulub.
Komitə iclasında gələn ilin büdcə layihəsində digər sahələrə ayrılan vəsaitlər barədə də ətraflı məlumat verilib.
Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. Son illər ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətli sahələrin inkişafının stimullaşdırılması, investisiya və biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və davamlı inkişafı, iqtisadiyyatda şəffaflığın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirildiyini bildirib. Hazırda Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb. Bildirib ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu strateji dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiyayönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi yeni vəzifələr durur.
Cari iqtisadi vəziyyət barədə danışan iqtisadiyyat naziritikinti sektoru istisna olmaqla iqtisadiyyatın bütün sahələrində artım templərinin sürətləndiyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz, o cümlədən qeyri-neft sektorunda ÜDM-in 6,2 faiz artdığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft sənayesində əlavə dəyərin orta illik artım tempi 9,3 faiz təşkil edirdisə, bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 20 faizədək artıb. Nəticədə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 9 ayında qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi 7,8 faizdən 8,5 faizə yüksəlib.
Deputatların nəzərinə çatdırılıb ki, ölkəmizdə bütün sənaye zonaları üzrə nəzərdə tutulan 6,7 milyard manat həcmində investisiyaların 6,3 milyard manatı artıq həyata keçirilib. Bu ilin 9 ayında özəl sektorun investisiyalarında 11 faizədək real artım olub. Sözü gedən dövrdə qeyri-neft ixracının həcmində 41 faizədək artım müşahidə olunub ki, bu da ən yüksək tarixi göstəricidir. 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir.
Mikayıl Cabbarov vurğulayıb ki, 2021-ci ildə ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı hökumətin iqtisadiyyata genişmiqyaslı dəstək proqramlarının həyata keçirilməsi mühüm rol oynayıb. Bu məqsədlə noyabrın 1-nədək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.
Məlumat verilib ki, bu ilin 9 ayında vergi daxilolmaları 12 faiz artaraq 6,4 milyard manata çatıb, 9 aylıq proqnoz 120,2 faiz səviyyəsində icra olunub, proqnozdan əlavə dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil olub.
İqtisadiyyat naziri deputatlara qeyri-neft sektoru üzrə vergi daxilolmaları, ticarət sahəsində dövriyyələrin leqallaşmasında yeni nəsil onlayn kassa aparatlarının tətbiqinin mühüm rolu, əmək bazarının leqallaşması istiqamətində irəliləyişlər, 2022-2026-cı illər üzrə yeni strategiya və proqnozlar və s. barədə də ətraflı məlumat verib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, icmal büdcənin tərkib hissəsi kimi həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, eyni zamanda İşsizlikdən sığorta fondunun büdcəsi Milli Məclisə təqdim olunub. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 5 milyard 307 milyon manat və ya cari illə müqayisədə 161 milyon manat artıq proqnozlaşdırılıb. Bu artımın sektorlar üzrə bölgüsündə xüsusilə məcburi dövlət sosial sığorta haqları üzrə ciddi artımlar müşahidə olunur. 18 faizlik artım proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 645 milyon manat artıq deməkdir. Bunun büdcə təşkilatları üzrə artım 364 milyon manat və ya 27 faiz, qeyri-büdcə təşkilatları üzrə isə artım 13 faiz və ya 282 milyon manat olaraq proqnozlaşdırılır. Eyni zamanda, məcburi dövlət sosial sığorta haqlarının artımından irəli gələrək dövlət öhdəliklərininmaliyyələşdirilməsi üçün dövlət büdcəsindən edilən transferin məbləği də 486 milyon manat azaldılır.
Nazirin verdiyi məlumata görə, beləliklə gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 80 faizi sosial sığorta haqları hesabına formalaşacaq ki, bu da Fondun maliyyə müstəqillliyinin təmin olunmasında və DSMF tərəfindən islahatların həyata keçirilməsində çox önəmli amildir.
Sahil Babayev deyib ki, əlavə ödənişlərin qarşısının tam şəkildə alınması üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən ardıcıl olaraq xərclərin də monitorinqi həyata keçirilir. Növbəti ilin xərcləri cari ilin xərclərindən 3,1 faiz artıq olmaqla 161 milyon manat artımı olmaqla, 5 milyard 307 milyon manat məbləğində qiymətləndirilir. Bunun 4 milyard 951 milyon manatı əmək pensiyaları üzrə, 182 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə planlaşdırılır.
Bildirilib ki, sosialyönümlü siyasət nəticəsində gələn il orta pensiyanın aylıq məbləğinin artaraq 345 manata çatması, yaşa görə əmək pensiyasının isə 358 manatdan 375 manata qalxması gözlənilir. Növbəti ildə 16 min 500 ailədə kiçik mikrotəsərrüfatların yaradılması planlaşdırılır.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov başçılıq etdiyi qurumun 2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib. Diqqətə çatdırıb ki, Hesablama Palatasının rəyində ali audit orqanının qiymətləndirmələrini ifadə edən məlumatlar da əks olunub, eyni zamanda mütərəqqi təcrübə kimi “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” standartından istifadə edilib.
Rəydə büdcə parametrlərinin daha çox makrogöstəricilər üzərindən təhlili aparılıb, büdcə qaydası və ortamüddətli büdcə planlaşdırılmasına diqqət yetirilib, dövlət büdcəsinin layihəsi və onunla birgə təqdim edilən sənədlərin hüquqi aktlara, ölkənin strateji sənədlərinə, mütərəqqi təcrübəyə və beynəlxalq təşkilatlar tərəfindən tövsiyə olunan istiqamətlərə adekvatlığına, eyni zamanda proqnozlaşdırılmış göstəricilərə və dövlət maliyyəsinin idarəedilməsi ilə bağlı verilmiş izah və məlumatlara münasibət bildirilib.
Hesablama Palatasının qənaətinə görə, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 2021-ci ilin müvafiq göstəricisindən çox, gözlənilən icra göstəricisindən az olmaqla nəzərdə tutulub.
Qurum gələn il üçün proqnozlaşdırılan inflyasiya və iqtisadi artım amilini, eləcə də Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri, ticarət tərəfdaşlarında qiymət artımlarının sürətlənməsi halını diqqətə alaraq həm vergi, həm də gömrük orqanları vasitəsilə icra edilən gəlirlərin toplanmasında risklərin olmayacağı fikrindədir.
Vüqar Gülməmmədov deyib ki, 2022-ci il üzrə dövlət büdcəsinin xərcləri də artımla proqnozlaşdırılıb. Əvvəlki 2 ildə olduğu kimi, büdcə xərclərində “İqtisadi fəaliyyət” bölməsinin xüsusi çəkisi yenə ən böyük pay göstəricisinə malikdir. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası istiqamətində aktiv fəaliyyət fonunda bu, dövlətin iqtisadi inkişafı dəstəkləməsi vasitəsi kimi qəbul edilməlidir.
Palata sədri bildirib ki, 2022-ci ilin dövlət büdcəsi xərclərini xarakterizə digər bir meyl iqtisadi təsnifat üzrə 2017-ci ildən sonra ilk dəfə “Əməyin ödənişi” bölməsinin payının ən böyük göstərici olmaqla proqnozlaşdırılmasıdırki, bu, ölkə rəhbərliyinin sosial sahəyə diqqətinin bir təzahürü kimi qiymətləndirilməlidir.
Hesablama Palatasının rəyi barədə ətraflı məlumat verən sədr Vüqar Gülməmmədov nəzərə çatdırıb ki, rəydə əldə edilmiş nəticələrə əsaslanmaqla kifayət qədər tövsiyələr əks olunub. Həmin tövsiyələr şəffaflıq və hesabatlılığın daha da yaxşılışdırılması, mövcud uyğunsuzluqların aradan qaldırılması, dövlət vəsaitlərinin idarə olunmasınıntəkmilləşdirilməsi və digər istiqamətləri nəzərdə tutur.
Büdcə zərfinə daxil olan qanun layihələri barədə məlumatlar dinlənildikdən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirələr başlanıb.
Müzakirələrdə komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Elnur Allahverdiyev,siyasi partiya təmsilçilərindənBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Respublikaçı Alternativ Partiyasnın nümayəndəsi Erkin Qədirli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevlayihələri geniş təhlil ediblər, rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Sonra iclasda nazirlər Samir Şərifov, Mikayıl Cabbarov və Sahil Babayev deputatların suallarına cavab veriblər.
Müzakirələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyekunlaşdırıb.
Komitədə baxılan büdcə zərfinə dair qanun layihələri yekdil qərarla Milli Məclisin plenar iclasınatövsiyə olunub.

Fikirlər

 Oxşar xəbərlər: