Bakıda ən bahalı torpaq sahələri qeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı olan torpaq sahələridir.
Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O qeyd edib ki, torpaq sahələri də tükənəndir və Bakıda tikinti üçün yararlı torpaq sahələri, demək olar ki, yoxdur.
“Bu baxımdan, tələbat artır və qiymət artımı yüksəlir. Ən bahalı torpaq sahələri şəhərin mərkəzi ərazilərindədir, daha çox qeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı, mərkəz yolların kənarında yerləşən torpaq sahələridir.
Bu cür torpaq sahələrinin bir sotunun qiyməti 300-500 min manat arası dəyişir. O ərazilərdə obyektlər inşa ediləndə bir kvadrat metrinin qiyməti 20 min manatdan baha təklif olunur”, - deyə o əlavə edib.
E.Fərzəliyev vurğulayıb ki, hazırda həyət evlərinin də qiymətində artım müşahidə olunur.
“Həyət evlərinə tələbat olduğu üçün qiymət artımına gətirib çıxarır. Bu da mövsümi xarakter daşıyır və hər il bu hal müşahidə olunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymət artımı da olacaq”, - deyə qeyd edib.