Xəbər lentİ


Alimlər xəbərdarlıq edir...

13:46, 08.06.22
12
maraqli
Alimlər xəbərdarlıq edir...Birmənalı şəkildə demək mümkündür ki, təbiətin qorunması insanın ən birinci vəzifələrindən biridir. Əks halda bəşəriyyəti çox böyük təhlükələr gözləyir. Bəzən yay fəslinə xas olmayan soyuq, yağışlı, küləkli havalar birdən-birə istiləri qovub aparır. Sanki payız öz sırasını pozaraq tez gəlir. Lakin bu da müvəqqətidir. İki-üç gün sonra yenidən qızmar istilər başlayır.Havaların kəskin dəyişməsi insanları narahat edir. Bununla bağlımütəxəssislər bildirirlər ki, ozon təbəqəsinin getdikcə nazilməsi yalnız istilik yaratmır, həm də kəskin soyuqlara, fəsillərin yer dəyişməsi kimi problemlərə yol açır. Bir sıra tədqiqatçılar hələ 1971-ci ildə ozon qatının azala biləcəyi barədə xəbərdarlıq ediblər. Bəzi alimlər konkret olar reaktiv təyyarələrin uçuşu ozon qatı üçün ciddi problemdir.

Vəziyyət o yerə gəlib çatdı ki, dünyada ekoloji problemin qarşısının alınması məqsədilə BMT hərəkətə keçməli oldu. Beləliklə1982-ci ilin yanvarında BMT-nin Ətraf Mühit Proqramı "Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini keçirildi.Üç il davam edən danışıqların ardınca 1985-ci ildə BMT tərəfindən "Ozon qatının qorunmasına dair Vyana Konvensiyası” qəbul olundu. Konvensiyanın 21-ci maddəsinə görə, ətraf mühitin ozon qatının dağılması ilə əlaqədar insan sağlamlığını mənfi təsirlərdən qorumağa dair ölkələr öhdəliklər götürdülər.

Bundan başqa beynəlxalq miqyasda bu problemlə bağlı müxtəlif mübarizələrə başlanıldı. Belə ki, ingilis alimlərindən biri 1985-ci ildə "Təbiət” adlı jurnalda ozon qatının ölçülməsi haqqında öz nəticələrini dərc etdirdi. O göstərdi ki, 1956-cı ildən başlayaraq yaz aylarında Antarktida üzərində ozonun miqdarı 1985-ci ilədək təxminən iki dəfə azalıb. Nəticələr peyklər vasitəsilə aparılan ölçmələrlə təsdiqləndi. Bu fakt dünya ictimaiyyətini ciddi narahat etməyə başladı. Çünki planetimizdə bütün canlı həyatı qoruyan ozon qatıdır. 400 milyon ildən artıq mövcud olan, Yer səthindən 10-16 kilometr hündürlükdə yerləşən, günəşdən yayılan təhlükəli ultrabənövşəyi şüaları filtrasiya edən bu qat son 100 ildə dağılmaq təhlükəsi ilə üzləşib. Səbəb sənayenin inkişafı ilə əlaqədar külli miqdarda zərərli kimyəvi maddələrin atmosferə buraxılmasıdır.

Daha sonraBMT-nin Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, 16 sentyabr Ümumdünya Ozon Qatının Mühafizəsi Günü elan edildi. Konvensiyaya 173 dövlət qoşuldu. Hazırda iki yüzə qədər ölkəbu əhəmiyyətli sənədin tələblərinin yerinə yetirilməsində məsuliyyət daşıyır.

Göründüyü kimi hər şeyə rəğmənYer üzərində həyat davam etməkdədir. Lakin əsla unutmamalıyıq ki,ozon qatı normal vəziyyətə çatdırılmayanadək bütün canlılar təhlükədədir. Müntəzəm olaraq ozon qatının müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmik Agentliyi(NASA), Ümumdünya Meteorologiya Təşkilatı, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və digər ölkələrin bir sıra təşkilatları məşğul olur.

Yeri gəlmişkənAzərbaycan da"Ozon qatının qorunması haqqında Vyana Konvensiyası”na, "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub. Bu beynəlxalq müqavilələrə qoşulmaqla Azərbaycan qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb.

Hər il sentyabrın 16-da bəşəriyyətin diqqəti bir daha bu problemə yönəldilir. Planetimizi günəşin məhvedici radiasiyasından, canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının mühafizəsinin bütün dünya ölkələri üçün ən vacib məsələlərdən olduğu yenidən nəzərə çatdırılır. Bu təbəqə ümumi ekoloji tarazlıq, Yer üzərində temperatur rejiminin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Ozon qatının dağılması flora və faunanın məhvinə, insanlar arasında göz və xərçəng xəstəliklərinin geniş yayılmasına, həmçinin bütün canlıların immun sisteminin zəifləməsinə və nəticədə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Alimlərin xəbərdarlıqlarından biri də budur ki, ozonun ümumi miqdarının azalması, ultrabənövşəyi şüalanmanın artması buzlaqların əriməsi ilə nəticələnir. Son 100 ildə okean sularının səviyyəsi 10-15 sm yüksəlib və Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyədək qalxması qlobal istiləşmə problemi yaradıb. Dünyanın inkişaf etmiş dövlətləri birlikdə iqlim dəyişikliyi ilə mübarizə proqramları hazırlayır, bəyanatlar qəbul edir, layihələr həyata keçirirlər. Verilən proqnozlar isə hələ də ürəkaçan deyil. Zədələnmiş ozon qatı bu vəziyyətdə qalarsa, problemlərin qarşısı alınmazsa, yaxın illərdə planetimizdəki bir çox bitki və heyvan növlərinin nəslinin kəsiləcəyi ilə bağlı mütəxəssislər xəbərdarlıq edirlər.

Bu problemin başlıca səbəbkarı elə insan özüdür. Səbəb olduğutəhlükə bütünlüklə təbiəti təhlükəli duruma salıb. Bir çox araşdırmalardan sonra məlum olub ki, quruda, dəniz və okeanlarda canlı növləri tükənməkdə, təbii ehtiyatlar, içməli su, yeraltı və yerüstü nemətlər azalmaqdadır. Buna görə də xilas yolunu insan zəhmət çəkib özü tapmalıdır. Bir sözlər təbiəti təhlükədən xilas etməliyik ki, özümüz də gələcək təhlükələrdən xilas ola bilək.

Hazırladı: Bünyamin Bünyadzadə

Fikirlər

 Oxşar xəbərlər: