Xəbər lentİ


“Azərxalça” ASC-nin xalçalarının ilk dəfə Latviyada sərgisinin açılışı olub

14:37, 02.06.23
36
medeniyyet
“Azərxalça” ASC-nin xalçalarının ilk dəfə Latviyada sərgisinin açılışı olubAzərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan, milli mənəvi irsimiz hesab olunan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə “Azərxalça” ASC-nin növbəti sərgisinin Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin dəstəyi ilə may ayının 31- də Latviyanın Liepaya şəhərində açılışı baş tutub. Xalçalarla yanaşı Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş foto sərgi və video çarxlar da təqdim olunub.
Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin, “Azərxalça” ASC, Liepaya Muzeyinin birgə təşkilatçılığı və Liepaya Şəhər Şurasının əməkdaşlığı ilə Latviyanın tanınmış Liepaya şəhər muzeyində açılan sərgi “Azərbaycan xalçaları. Keçmişlə müasirin sinergiyası” adlanır.
Azərbaycan xalçaları 2027-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçilən Liepaya şəhərində və ümumiyyətlə, Şimali Avropada ilk dəfə sərgilənib. Liepaya Muzeyinin kollektivi sərgiyə böyük maraq göstərmiş və sərginin ərsəyə gəlməsi üçün qısa zamanda lazımi şərait yaratmışdır.
Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.
Sərgidə Liepaya şəhərinin meri Qunars Ansinş, Azərbaycan Latviyadakı səfiri Elnur Sultanov, "Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və muzeyin direktoru Datse Karkla sərginin açılışında çıxış ediblər.
Mer Qunars Ansinş bu hadisənin Liepaya şəhəri üçün əlamətdar hadisə olduğunu qeyd edərək, Azərbaycanın Liepayanın 2027-ci il üçün Avropa Mədəniyyət Paytaxtı namizədliyinə ilk dəstək verən xarici ölkə və tərəfdaş olduğunu xatırlatmış və bu kontekstdə Azərbaycan xalçalarının sərgisinin keçirilməsinin ilk tədbir olaraq böyük rəmzi məna daşıdığını vurğulamışdır.
Səfir E.Sultanov sərginin yerli ictimaiyyət üçün Azərbaycanın qədim mədəniyyəti və xalçaçılıq sənəti ilə yaxından tanış olmaq imkan yaratdığını və ikitərəfli əməkdaşlığa dəyərli töhfə verdiyini bildirmişdir.
Emin Məmmədov çıxışı zamanı “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC -nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC – nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsilllərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Muzeyin direktoru Datse Karkla xalça sərgisinin Liepaya şəhərinin mədəni həyatında vacib hadisə olduğunu və Azərbaycan xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edərək, nümayiş olunan xalçaların yerli ictimaiyyətdə və şəhərin qonaqlarında böyük maraq doğuracağının əminliyini bildrib.
Sərginin açılışında Liepaya və digər şəhər bələdiyyələrinin, mədəni, akademik dairələrin, mətbuat nümayəndələri, yerli ictimaiyyət və Azərbaycan icmasının üzvləri iştirak edib. Xalça sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Muzeydən verilən məlumata görə sərginin açılışında rekord sayda ziyarətçilər iştirak etmişdir.
Liepaya Muzeyində təşkil olunan sərginin qapıları bir ay ərzində xalçasevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat verilir.

Fikirlər

 Oxşar xəbərlər: