Xəbər lentİ


Azərbaycanda qan xərçəngindən əziyyət çəkənlərə hemo-poetik kök hüceyrələri transplantasiya ediləcək

12:08, 15.11.16
584
sehiyye
Azərbaycanda qan xərçəngindən əziyyət çəkənlərə hemo-poetik kök hüceyrələri transplantasiya ediləcək  Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəlik diaqnozu ilə qeydiyyatdadır.
Nazirlər Kabineti tərəfindən təsdiq edilən “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nda əksini tapıb.
Sənədə qeyd edilib ki, bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir. Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir. Hazırkı dövrdə inkişaf etmiş ölkələrdə qanın bədxassəli xəstəliklərinin patogenezinin və şiş hüceyrələrinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində baş vermiş tərəqqi, diaqnostikanın və müalicənin nəticələrinin qiymətləndirilməsinin yeni metodlarının tətbiqi, yeni dərman preparatlarının və müalicə metodlarının istifadəsi bu ağır xəstəlikdən əziyyət çəkən şəxslərin xəstəliyinin proqnozunun əhəmiyyətli şəkildə dəyişdirilməsinə gətirib çıxarıb. Son zamanlar qazanılmış nailiyyətlər, əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinə olan münasibəti tamamilə dəyişərək, onları sağalması mümkün olan xəstəliklərə aid etməyə imkan verib.
Onkohematologiya təbabətin ən çox maliyyə vəsaiti tələb edən sahələrindən biridir. Qanın bədxassəli xəstəliklərinin müalicəsi müasir kimyəvi terapiya proqramları ilə və hədəf terapiyasının tətbiqinə imkan verən innovasion preparatlarla aparılır, sümük iliyinin və hemo-poetik kök hüceyrələrinin transplantasiyası həyata keçirilir. Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicənin xəstələr üçün ağır maddi yük olması bu xəstəlikləri dövlət qayğısı tələb edən sosial əhəmiyyətli xəstəliklər hesab etməyə əsas verir.
Bütün bunları nəzərə alaraq, Dövlət Proqramına əsasən Səhiyyə Nazirliyinə 2017-2018-ci illərdə qanın bədxassəli xəstəlikləri üzrə tibbi registrin yaradılması tapşırılıb. Səhiyyə Nazirliyi Azərbaycanda 2017-ci ildən qan komponentlərinin xəstələrə köçürülməsindən əvvəl şüalandırılmasının və qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrə hemo-poetik kök hüceyrələrinin transplantasiyasının tətbiq edilməsini təmin etməlidir. Eyni zamanda 2017-2021-ci illərdə qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrin sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi və xəstələrin qan komponentlərinə olan tələbatının ödənilməsi də Səhiyyə Nazirliyi qarşısında bir vəzifə olaraq müəyyən edilib.

Fikirlər

 Oxşar xəbərlər: