Elbrus Həsənov,
32 Dent Stomatoloji Klinikanın
baş həkimi 20 Yanvar hadisələri hər bir azərbaycanlının ən ağır yaralı bir yeridir. İstər ölkə daxilində, istərsə də xarici ölkədə yaşasaq belə, 20 Yanvar hər birimizin yaddaşında silinməz əbədi bir iz buraxdı və 20 Yanvar şəhidləri Azərbaycanın ilk müstəqillik təməlini qoydu. Şəhidlərimizin qanı bahasına öz müstəqilliyimizi əldə etdik. Onların sayəsində azad bir ölkədə yaşayırıq. Bunun üçün də onları hər an xatırlamaq hər birimizin vicdan və vətəndaşlıq borcudur. Şəhidlik böyük zirvədir və bu zirvə hər insanın taleyinə qismət olmur. Şəhidlər Tanrı tərəfindən seçilmişlərdir. 20 yanvar hadisələrindən sonra millətimizə ən ağır faciə olan “Xocalı soyqırımı” təkrarlandı. Dünyada görünməyən dəhşətli bir faciə.
20 yanvar və Xocalı faciəsini ildə bir gün yox, hər an və hər saniyə belə xatırlamalıyıq. Bu unudulmayan tarix, hətta, bizim qürur mənbəyimizdir. Buna baxmayaraq 25 il bu acı tarixi hələ də yaşayırıq. Bu dəhşətli tariximizi unutmamalıyıq ki, yenidən tarix bir daha təkrarlanmasın.
Müstəqilliyimizi qoruyub saxlayan, güvəndiyimiz, ulu öndərimiz Heydər Əliyev olmasaydı bu gün azad bir həyat da bizim olmayacaqdır. Ulu öndərin qayıdışı Azərbaycan millətinə bir təkan verdi və millətin arxası və güvən yeri oldu. Heydər Əliyevin qayıdışı ölkənin tam azadlığı demək oldu. Hətta onun gəlişi ilə bağlı hər yerdə bir insan axını vardı. O axın elə belə deyildi. Onlar öz liderinin gəlişinə sevinirdilər. Çünki, Azərbaycan öz müstəqilliyini tam şəkildə əldə etmiş oldu. Biz müstəqilliyimizi əldə etmiş olmasaydıq, SSRİ-nin müstəmləkəsində qalmış olsaydıq, bu gün 20 yanvar şəhidlərini heç bir zaman xatırlaya bilməzdik. Çünki, sovetin müstəmləkəsi altında olduğumuz zaman öz dilimizi və dinimizi düzgün şəkildə istifadə edə bilmirdik. Bu gün nəinki özümüz, hətta, xarici vətəndaşlar da bizim dilimizi öyrənməyə çox meyllidirlər. Həqiqətən, onlar Azərbaycan dilində danışanda bu bizim üçün böyük fəxrdir.
Mən özüm Kəlbəcər torpağında doğulduğum üçün hər gün Kəlbəcər xatirələrini yaşayıram. Bizim Kəlbəcər səhifəmiz var, mənə elə gəlir sizlər də izləyirsiniz. Yəni, bu gün gənc nəsil, hətta, öz övladlarımız bu səhifələri izləyirsə, deməli onlarda vətənpərvərlik ruhu daha da yüksək olacaq. Hər an bu torpaqları xatırlayırlar. Bunun üçün də mən istəyərdim ki, hər bir oğul-qızlarımız, gənclərimiz yaşından asılı olmayaraq vətənə sevgi hissi ilə böyüsünlər. Vətəni sevib, cəmiyyətə layiqli bir övlad olsunlar. Deyərdim ki, bu gün həqiqətən Azərbaycan kimi sakit və gözəl ölkə heç bir yerdə yoxdur. Buna görə də bu günlərimizə şükür deməliyik.
Hazırda 20 faiz torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Biz ümid edirik ki, ulu öndərimiz Heydər Əliyevin gözəl siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox gözəl və ağıllı siyasəti nəticəsində torpaqlarımız erməni işğalçıları tərəfindən azad olunacaq. Bu gün onun diqqəti sayəsində digər sahələrlə yanaşı səhiyyəmiz də günü-gündən inkişaf edir. Biz həkimlər də çalışırıq ki, həm millətimizə, həm də dövlətimizə öz həkimlik borcumuzu layiqincə yerinə yetirməklə kömər edək. Həm burada, həm də lazım gələrsə səngərdə xidmət etməyə hər zaman hazırıq.
Kəlbəcərdə görüşmək ümidi ilə.