Xəbər lentİ


İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

17:26, 14.03.16
479
sikayetler
İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Yan Hamaçek ilə həm Azərbaycanda, həm də Çexiyada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədrinin böyük nümayəndə heyəti ilə Bakıya səfərini iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri yenidən nəzərdən keçirmək, əlaqələrimizin inkişafına təkan vermək və gələcəkdə görülə biləcək işləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğuladı.
Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını Prezident İlham Əliyevə çatdıran Yan Hamaçek dövlət başçıları arasında çox yaxşı qarşılıqlı təmasların olduğunu qeyd etdi. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Yan Hamaçek hər iki ölkənin prezidentlərinin bu əlaqələrin inkişafına böyük töhfə verdiyini vurğuladı. O, ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlığın mövcud olduğunu bildirdi.
Ölkəmizə sonuncu dəfə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı səfər etdiyini məmnunluqla xatırlayan qonaq Oyunların qısa müddət ərzində yüksək səviyyədə təşkili münasibətilə ölkəmizi və şəxsən Prezident İlham Əliyevi bir daha təbrik etdi. Bakının artıq Avropanın idman paytaxtına çevrildiyini qeyd edən Yan Hamaçek ölkəmizdə bu dəfə Formula 1 yarışlarının keçirilməsinin bunun daha bir göstəricisi olduğunu dedi.
Prezident İlham Əliyev Formula 1 yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışdı. Dövlətimizin başçısı bu yarışın tamaşaçı auditoriyası baxımından Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulduğunu qeyd etdi və tədbirin ölkəmizə olan marağı daha da artıracağına əminliyini bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən enerji, bank sektoru, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu.
Dövlətimizin başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş etdi.

Fikirlər

 Oxşar xəbərlər: