Xəbər lentİ


Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir

15:45, 19.11.21
11
siyaset
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir Kuliyeva Ceyran Bədrəddin qızı
189-190 nömrəli tam orta məktəbin direktoru,
psixologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim

Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyuldu.
Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük müharibə bütün dünyadakı ermənilərə, eləcə də uzun illər ərzində ədalətsiz mövqe tutan, Azərbaycan torpaqlarının işğalına göz yuman, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri heçə sayan dairələrə bir dərs oldu.
Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
Ötən ilin noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam şəhərinə səfər edib. İşğaldan azad edilmiş digər torpaqlarda olduğu kimi, Ağdamın da işğaldan azad edilməsindən sonra Ölkə rəhbəri şəxsən Azərbaycan bayrağını yüksəldərək bu torpaqların Azərbaycan olduğunu göstərdi.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılmışdır.
Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Artıq Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Ağdam rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanmış baş plan əsasında bərpa olunacaqdır. Ağdam şəhərinin Baş Planı hazırlanıb və 2021-ci 28 may tarixində ölkə başçısının Ağdama növbəti səfəri zamanı həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunub. Vəhşi ermənilərin bu torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaqdır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Artıq erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

Fikirlər

 Oxşar xəbərlər: