Xəbər lentİ


Ümummilli lider nurlu bir müdriklik simvolu idi

15:41, 12.05.22
16
siyaset
 Ümummilli lider nurlu bir müdriklik simvolu idiÜmummilli liderimizin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ildən artıq müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Heydər Əİiyev bu gün dünyanın enerji təminatçılarından biri olan Azərbaycanın uğurlarını hələ keçən əsrin 70-ci illərindəki müdrik qərarları ilə təmin etmişdi. Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Ulu öndər hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm özül yaratdı.
Ulu öndər Azərbaycan xalqının təkidi və xahişi ilə yenidən hakimiyyətə gələrkən Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Bu qayıdış ərazilərimizin işğalı, istehsalın, elm və texnoloji sistemlərin dağılması, iqtisadi cəhətdən dözülməz olduğu bir dövrə təsadüf edirdi. Lakin dahi rəhbərin qorxmaz, mətin mövqeyi, yüksək elmi və siyasi biliklərə malik olması və uzaqgörən siyasəti nəticəsində tezliklə bütün sahələrdə stabillik əldə edildi və respublika inkişaf yoluna çıxarıldı.
Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə (1969 - 1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
1987-ci ilin oktyabrında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Daxili sabitliyin əldə edilməsi və qorunması istiqamətində yorulmadan çalışan Heydər Əliyev, 1993-95-ci illər ərzində daxili birliyi təmin edərək, ölkənin çiçəklənməsi prosesinin əsasını qoydu.
Beləliklə, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı da məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi bir sıra faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Məhz ona görə də bu Böyük İnsan təkcə öz ömrünün, bir insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son yarım əsrlik tarixinin bütün mərhələlərində bu fenomenal şəxsiyyətin böyük izləri qabarıq duyulur.
Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət parlaq günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır.

Natəvan Hacıyeva,
Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor

Fikirlər

 Oxşar xəbərlər: