
Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması on illərlə ölkəmiz ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb ümummilli problemlərin həlli yollarına işıq salır. Azərbaycan vətəndaşları gələcək inkişafın üfüqlərini məhz Heydər Əliyevin həyata keçirdiyi sistemli fundamental dəyişikliklər çərçivəsində görür. Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin “dövlət” adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu 34 il ərzində o, XX — XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır. Öz təndiqçilərindən və siyasi opponentlərindən fərqli olaraq, Heydər Əliyev ölkənin bir çox problemlərinin - siyasətin, iqtisadiyyatın və ictimai həyatın nəbzini və mahiyyətini müəyyənləşdirən problemlərin həllinin açarını tapmışdır. Yalnız həmin problemlərin həllindən sonra Azərbaycan üçün gələcək inkişafın perspektivləri açılmış və bu perspektivlər bizdən ötrü nikbinlik və daha yaxşı gələcək üçün ümidlər mənbəyi olmuşdur.
Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, dunyada neftlə zəngin olan ölkələr çoxdur. Lakin həmin sərvətlərdən bütün dövlətlər heç də öz xalqlarının rifahı üçün lazımi səviyyədə istifadə edə bilmirlər. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində həmin sərvətlər xalqın rifah halının yaxşılaşmasına yönəldildi.
Ölkəmizdə 1993 - cü ilin ikinci yarısından etibarən ümummilli liderimiz Heydər Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət nəticəsində 1995-ci ildə ölkədə ictimai-siyasi sabitlik yarandı, sosial-iqtisadi problemlərin həlli, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşması istiqamətində görülən işlər ön plana çəkildi. Ardıcıl olaraq aparılan islahatlar qısa muddət ərzində öz bəhrəsini verməyə başladı və iqtisadiyyatın ayrı-ayrı sahəsində ciddi irəliləyiş əldə edildi. Görülən məqsədyönlü və uzaq perspektivlərə tuşlanmış tədbirlər nəticəsində geriləmənin qarşısı birdəfəlik alındı.
Ulu Öndərimizin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ötən əsrin doxsanıncı illərinin ortalarından başlayaraq Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub.
Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb.
Dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyev respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qələbəmizlə nəticələnən Vətən müharibəsində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir.
Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir.
Nəsibə Hüseyinova
Ağdam rayon 33 sayll tam orta mektebinin direktoru