Xəbər lentİ


Azərbaycan Prezidentinin Şuşada 10 may müraciətinin böyük rəmzi mənası var

16:44, 12.05.22
5
siyaset
Azərbaycan Prezidentinin Şuşada 10 may müraciətinin böyük rəmzi mənası varMayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli və Şuşa şəhərində səfərdə olublar. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.
Dövlətimizin başçısı və birinci xanım “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar. Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev növbəti dəfə Şuşadan xalqa müraciət edib.
Milli Məclisin deputatı Cavid Osmanov Trend-in sualına cavab olaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın may ayının 10-da Qarabağa - Füzuli və Şuşa şəhərlərinə səfər etməsi və səfər çərçivəsində bir sıra tədbirlərdə iştirak etməsinin böyük rəmzi mənası var.
“May ayının 10-u ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olurdu.
Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib, xalqımızın inkişafı, tərəqqisi, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misli görünməmiş işlər həyata keçirib. Bu baxımdan məhz belə bir gündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfər etməsi ulu öndər Heydər Əliyevin başlatdığı işlərin tamamlanması istiqamətində atılan mühüm addımdır.
Heydər Əliyev hər zaman deyirdi ki, biz işğala məruz qalmış torpaqlarımızı azad edəcəyik və bu torpaqların əsl sahibləri qayıdacaq. Ulu öndər torpaqlarımızın işğaldan azad olunmasını ölkəmiz qarşısında duran ən böyük hədəf kimi müəyyənləşdirmişdi və bütün gücünü bu istiqamətdə səfərbər etmişdi.
Əlbəttə 2003-cü ildən bu günə qədər cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək davam etdirməklə güclü və qüdrətli Azərbaycan qurmağı bacardı, müstəqil iqtisadiyyatımız, güclü ordumuz formalaşdı, Vətən sevgisi ilə yaşayan gənc nəsil yetişdi, milli həmrəyliyimiz heç zaman olmadığı qədər möhkəmləndi. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün strategiyası nəticəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsini qazandı və torpaqlarımız işğaldan azad olundu. Bununla da cənab Prezident İlham Əliyev ümummilli liderimizin vəsiyyətini, ata vəsiyyətini yerinə yetirdi”, - deyə C.Osmanov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Şuşadan Azərbaycan xalqına müraciət etdi. “Cənab Prezident ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən söhbət açdı. Cənab Prezident bir daha qeyd etdi ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”, - deyə C.Osmanov əlavə edib.
Milli Məclisin deputatı Elşən Musayev isə Trend-in sualını cavablandırarkən bildirib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək olub və bu arzu artıq gerçəkdir.
“Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa işğaldan azad edildikdən dərhal sonra Heydər Əliyevin məzarına baş çəkmişdi və xalqa müraciətində də söyləmişdi ki, “Mən ata vəsiyyətini yerinə yetirdim”.
Ulu öndərin anadan olmasının 99-cu ildönümündə də cənab Prezident ilk öncə Ümummilli Liderin məzarını ziyarət etdi və ondan sonra Qarabağa, Şuşaya doğru istiqamətləndi.
Bəli, burada həm də bir simvolik məqam var. Şuşa azaddır. Heydər Əliyevin ruhu şaddır. İlham Əliyev isə Şuşadadır. Məhz Ulu Öndərin ad günündə”, - deyə deputat bildirib.
O qeyd edib ki, ölkə rəhbərinin Şuşada söylədiyi möhtəşəm və məzmunlu nitqin hər cümləsində, hər kəlməsində qürur, sevinc, xoşbəxtlik vardı. “Çünki Azərbaycan xalqı Şuşanı azad görməyi çox arzulamışdı, çox gözləmişdi. İndi isə arzumuza çatmışıq. Müzəffər Ali Baş Komandanımızın və qəhrəman ordumuzun sayəsində. Tanrı hər zaman Azərbaycanımıza xoş günlər, sevincli anlar bəxş etsin”, - deyə deputat əlavə edib.

Fikirlər

 Oxşar xəbərlər: