
Bir il əvvəl - 2021-ci il iyunun 15-də imzalanan tarixi Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki qardaş dövlətin tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini nümayiş etdirdi. Sənədin imzalanmasından ötən bir il ərzində iki qardaş ölkə bütövlükdə bölgənin rifahına xidmət edən çoxsaylı addımlar atıb. Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib, ötən ilin oktyabrında Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib, Zəngəzur dəhlizinin təməli qoyulub. Azərbaycan öz müstəqillik gününü Türkiyə ilə bir yerdə qeyd edib, iki ölkə birgə hərbi təlimlər keçirib. Türkiyənin dənizin üzərində inşa etdiyi nəhəng layihə – Rize-Artvin Hava Limanı da iki qardaş ölkə rəhbəri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Regionun ən böyük texnologiya festivalı “Teknofest”in ilk dəfə sərhədlərdən kənarda - Azərbaycanda keçirilməsi də qardaşlığın, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü idi. Liderlərin də bəyan etdiyi kimi, “biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də”.
Dövlət başçıları “Şuşa qanunu” kimi tarixə düşən Şuşa bəyannaməsini münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndiriblər. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Əslində, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb. Bakı və Ankara postmünaqişə dövründə də bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi təbii ki, həm də Azərbaycanın güclənməsi deməkdir. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi.
Bəyannamənin strateji əhəmiyyətini artıran məqamlardan biri də hərbi əməkdaşlıqdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq.
Bir il əvvəl belə bir tarixi sənədə imza atmaqla Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri də 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışı idi. Hər iki ölkə bundan sonra bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir. Qardaş Türkiyə həm bərpa prosesinə, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə verməkdədir. Bir çox Türkiyə şirkətləri Qarabağda bərpa işləri ilə məşğuldur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ümumiyyətlə, Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq.
Ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən Şuşa Bəyannaməsinin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Bu gün iki qardaş ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin rolu böyükdür. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.