Xəbər lentİ


Xalqı aldatmaq mümkün deyil

19:39, 29.06.22
20
siyaset
Xalqı aldatmaq mümkün deyilNəsib Məhəməliyev
Milli Məclisin deputatı

Son günlər, sosial şəbəkələrdə ən çox müzakirə predmetinə çevrilmiş əsas mövzu, ağır cinayət törətmiş bəzi məhkumların həbsxanada aclıq aksiyası keçirməsi və onlara dəstək məqsədilə, Bakıda, Tehranda, Təbrizdə, Tbilisidə keçirilən etiraz tədbirləridir. Hadisələrin xronologiyası özlüyündə göstərir ki, proseslər bir mərkəzdən idarə olunur. Azərbaycanın möhtəşəm qələbəsini, gündən-günə güclənməsini həzm edə bilməyən molla rejimi, bütün vasitələrdən istifadə etməklə, regionda sabitliyin yaranmasının qarşısını almaqda israrlıdır. Sirr deyil ki, cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasını, Türk dünyasının inteqrasiyasını, Ermənistanla sülh müqaviləsinin imzalanmasını özü üçün ciddi təhlükə olaraq görür. 1979-cu ildən bəri bu ölkənin xarici siyasətinin kökündə islam dünyasını parçalamaq, ölkələrin daxili işlərinə qarışmaq kimi missiya durur. Heç bir dünyəvi təhsili olmayan, müasir “şeyx Nəsrullahların”, “kimyagərlərin” süni şəkildə uydurduqları rəvayətlər, nağıllar vasitəsilə gənclərin beyinləri yuyulur. İslam dininə, ümumiyyətlə insan psixologiyasına qətiyyən aidiyyəti olmayan nağılların, keçirilən tədbirlərin sayı isə, ildən ilə artır. Əvvəllər gizli şəkildə fəaliyyət göstərən bu şəbəkənin fəaliyyəti son zamanlar açıq müstəviyə keçmişdir. Yəqin düşünürlər ki, məşhur Qum və “ettealat” məktəblərini keçmiş məzunların sayı, Azərbaycanda yeni “Hizbullah” yaradılması üçün kifayətdir.
Deməli, Allahın təhqir olunması ilə bağlı ideya ortalığa atılır və dərhal müxtəlif ünvanlarda etiraz aksiyaları başlayır. İctimai-siyasi sabitliyi təmin edən polis işçilərinin səbrli, olduqca mədəni davranışlarına rəğmən bir qrup başı bağlı, qadın xeylağının aqressiv, qeyri-adekvat davranışları, cəmiyyətdə ikrah hissi ilə qarşılanır. Bundan istifadə edən, bir zamanlar əllərini öpdükləri cənublu əmmaməli ,,lotular,, özlərini demokrat adlandıran “milli şuraçılar”, bir birinin ardınca Azərbaycan dövlətçiliyi əleyhinə bəyanatlar səsləndirirlər.
Xoşbəxtlikdən Azərbaycan cəmiyyəti siyasi cəhətdən yetkin, dostunu, düşmənini tanıyan, cəhalətin yox, oturuşmuş dünyəvi dövlət quruluşunun bərqərar olduğu cəmiyyətdir. Xalqı aldatmaq mümkün deyil. Tarixi keçmişini və taleyüklü anlarda kimin hansı oyunlardan çıxdığını gözəl bilir.
Aclıq edənlər, yalanları ifşa olduqda və İctimai dəstəyi görmədikdə, bir komanda ilə, aksiyanı dayandırdılar və sakitləşdilər.
Ancaq, sürprizlər davam edir. Bu gün Yevlax şəhərinin məktəblərindən birində, hansısa dini liderin şəninə mahnılar oxunur. Hansı ki, o lider Azərbaycan torpaqlarını işğal edən, Xocalı qətliamını törədən Koçaryanları, Sarqsyanları və Ermənistan rəhbərləri olmuş digər yanların hər birisini böyük məhəbbətlə bağrına basmış, dəstək vermişdir. (Onların hər bir görüşünü televiziyalar nümayiş etdirmişdir).
Müəllimə, (əgər müəllimə demək olarsa), başa düşmür ki, məktəb dini mədrəsə deyil. Təhsil nazirliyinin təsdiq etdiyi tədris proqramlarında azyaşlı uşaqlara ,, mollaların,, şəninə mahnı oxutmaq elmi öyrədilmir. Məktəblərin vəzifəsi, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, dünyəvi elmləri tədris etməkdir.
İranda, təkcə bu il 20 mindən artıq azyaşlı qız uşaq ərə verilmişdir. Belə bir cəmiyyətin insanlığa yad ,, dəyərlərini,, bizim şagirdlərimiz mənimsəməməlidirlər. Yeri gəlmişkən, bu İranın verdiyi rəsmi statistikadır. Reallıqda daha çoxdur.
Hesab edirəm ki, Təhsil nazirliyi bu məsələni ciddi şəkildə araşdırmalı, günahkarlar müəyyənləşdirilməli və nətcəsi ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdır. Belə müəllimlərə uşaqların tərbiyəsini etibar etmək olmaz. Onları məktəbə buraxmaq doğru deyil. Ümumiyyətlə, təkcə Yevlaxda yox, ölkənin digər məktəblərində də belə hallar varsa, qarşısı qətiyyətlə alınmalıdır. Bizə teokratik, din dəllallarının at oynatdığı dövlət lazım deyil. Allaha, onun Rəsuluna hörmət, məhəbbət, hər bir insanın qəlbində olmalıdır. Onu nümayişkaranə şəkildə reklam etməyə ehtiyac yoxdur. Allah hər şeyi görür və qiymətləndirir.
Ölkə başdan başa, hacılarla, məşədilərlə, kərbəlayılarla, yalançı pirlərlə, ,,dua,, yazanlarla doludur. Artıq, bu titulların özü ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Çox az kənd tapılar ki, pirlər, ziyarətgahlar olmasın. Hər birisinin də qapısında bir neçə nəzir qutuları. İlahi, doğrudanmı bizdə bu qədər müqəddəslər olmuşdur. Belə çıxır ki, yerdə qalan millətlər cəhənnəmə gedəcək, bizim min bir oyundan çıxanlar cənnətə.
Azərbaycanda dünyəvi dövlət quruluşunu dəyişdirmək, tarixdə məlum olmayan “kərimə” adında teokratik dövlət qurmaq arzusunda olanların sxemi sadədir. İran kəşfiyyat orqanlarının təşkilatçılığı ilə, müsəlman ölkələrindən gənclər seçilir və Qum şəhərində təhsilə cəlb olunurlar. Onların arasından, bəzi qabiliyyətləri ilə fərqlənənlərə maliyyə dəstəyi göstərilir, bizneslə məşğul olmaq üçün şərait yaradılır və öz ölkələrinə göndərilir. Onlar da konkret proqram üzrə fəaliyyətə başlayırlar. Qonşu Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində baş verənlərə diqqət yetirməklə, təhlükənin miqyasını görmək olar. Əvvəllər, o bölgələrin azərbaycanlı əhalisi dinə meyllikləri ilə seçilmirdilər. Ancaq, indi məhz Qum məzunlarının ,,fəaliyyətləri,, nəticəsində bir kənddə yaşayan, yaxın qohumlar, aillələr arasında münasibətlər gərginləşmiş, bəzi hallarda düşmənçilik səviyyəsinə qalxmışdır. Gələcəkdə proseslərin idarəolunmaz hal alacağı şübhəsizdir.
Livanda, Fələstində, Suriyada, İraqda, Yəməndə, Əfqanıstanda, Pakistanda, Hndistanda və bir sıra ölkələrdə yaradılmış “hizbullah” tipli şəbəkələr, milyonlarla insanın faciəsinə səbəb olmuşdur. Yaxın zamanlara qədər, ərəb dünyasının inkişaf etmiş, hüquqi, demokratik, dünyəvi dövləti hesab olunan Livanda, darmadağın olmuş Yəməndə, İraqda, Suriyada , Əfqanıstanda və digər müsəlman ölkələrində baş verənlər göstərir ki, proseslər idarə olunmaz hal almışdır. Məhz, din alverçilərinin apardıqlarl sistemli siyasət nəticəsində, sadaladığım ölkələrdə heç zaman tam sabitlik bərpa olunmayacaqdır. İnsanlar normal sakit şəraitdə yaşaya, təhsil ala bilməyəcəklər. Yaxın gələcəkdə, Malayziyada, Şərqi Türküstanda da dini zəmində münaqişələrin baş verəcəyi gözlənilir. Müxtəlif təriqətləri, məzhəbləri təmsil edən terror dəstələrinin ,,din,, pərdəsi altında apardıqları təbliğat, ancaq müsəlman xalqlarını qarşı-qarşıya qoymaqla, cəmiyyətlərin mənəvi dayaqlarının sarsıdılmasına hesablanmış siyasətdir. Nəticə göz qabağındadır. Cəhalət, səfalət, kasıbçılıq, bu ölkələrin vizit kartına çevrilmişdir.
Ölkəmizdə müqəddəs quranı, dini, əski və indiki ərəb dilini dərindən bilən, müasir düşüncəli, xürafatdan, cəhalətdən uzaq mütəxəssislər var. Sosial şəbəkələrdə onların bəzilərinin fikirlərini həvəslə dnləyirəm. Onların məntiqi, savadlı izahı cəmiyyətimizin dini maariflənməsini, mənəvi tələbatını ödəmək iqtidarındadır. Yaxşı olar ki, həmin din alimlərindən ibarət bir komissiya formalaşdırılsın və vahid bir konsepsiya hazırlansın. İslam mədəniyyətinə, əxlaqına zidd olan, bütün ziyanlı adətlərdən imtina etməli, müasirləşməliyik.
Xristianlar, Musavilər, buddistlər müasirləşdi, müsəlmanlar hələ də 1400 il baş vermiş hadisələrin təəssüratları ilə yaşayır, xoşbəxtlik axtarırlar. Xoşbəxtlik isə….mollaların ölkəsinə baxmaq kifayətdir.
İstənilən normal insanın verə biləcəyi sual; Nə üçün sənin dəyərlərini, əxlaqını qəbul etməliyəm, sənin kimi düşünməliyəm, həyatımı qurmalıyam. 21-ci əsrdə fərqli düşüncələrinə görə insanları qaldırıcı kranla küçədə as, “Qarabağ Azərbaycandır” dediyinə görə zindanlarda çürüt, Azərbaycan sözü yazılmış köynək geydiyinə görə stadiona buraxma, sonra da de ki, mən deyəni deməlisən. Belə qonşuluq, müsəlmançılıq, nəhayət ki, insanlıq olmur.
SSRİ dağıldıqdan sonra, ölkəmiz çox ağrılı, mürəkkəb tarixi yol keçmişdir. 90-cı illərin əvvəllərində, dövlət idarəetmə sistemindəki boşluqlar nəticəsində dünyanın müxtəlif ölkələrindən gələn dini missionerlər at oynadırdılar. Müxtəlif yardımlar adı altında fərqli dini təbliğat aparmaqla məşğul olurdular. Bu da əhali arasında çaşqınlıq yaradırdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan adında dövlət olmayacaqdı. Azərbaycan, müasir dünyada yeganə dövlətdir ki, olduqca mürəkkəb coğrafi və geosiyasi şəraitdə torpaqlarını işğaldan azad etmişdir. Sabitlik adasıdır, günü gündən güclənir, inkişaf edir. Biz gücləndikcə, bədxahların qısqanclıq hissi artır. Ona görə də, hər zaman ayıq olmalıyıq. Dövlətçilik əleyhinə, ictimai-siyasi sabitliyin pozulmasına yönəlik istənilən hərəkətin qarşısı alınmalıdır.

Fikirlər

 Oxşar xəbərlər: