Xəbər lentİ


Milli Məclisdə Mozambik parlamentinin deputatı ilə görüş

20:02, 29.06.22
22
siyaset
Milli Məclisdə Mozambik parlamentinin deputatı ilə görüşMilli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Mozambik parlamentinin deputatı Telmina Manuel Paixao Pinho Pereira ilə görüşüb. Qonağı salamlayan vitse-spiker ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasından söz açaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda münasibətlərimizin milli maraqlarımıza uyğun inkişaf etdiyini qeyd edib. O, qonağın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərini yüksək qiymətləndirərək Azərbaycanın 2019-cu ildən bu hərəkata liderlik etməsindən bəhs edib. Adil Əliyev bildirib ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsləri ilə Hərəkat tərəfindən dünyada əməkdaşlığın və təhlükəsizliyin təminatı üçün mühüm addımlar atılıb.
Vurğulanıb ki, möhtərəm Prezident İlham Əliyevin COVİD-19 böhranı ilə əlaqədar Qoşulmama Hərəkatı Təmas Qrupunun zirvə toplantısının çağırılması, BMT Baş Assambleyasının COVİD-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi kimi uğurlu qlobal təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən də böyük rəğbətlə qarşılanıb.
Vitse-spiker Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2021-ci ilin noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasının keçirilməsindən, iclasda Milli Məclisin sədri Sahibə Qafarovanın təsis edilən parlament şəbəkəsi ilə bağlı geniş məlumat verməsindən danışıb. O, “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransını yüksək dəyərləndirərək tədbirlə bağlı fikirlərini bölüşüb.
Görüşdə vitse-spiker Azərbaycanın 44 günlük müharibədə şanlı qələbə əldə edərək 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi, müharibədən sonra qalib Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, Ermənistandakı revanşist dairələrin pozucu fəaliyyətləri barədə məlumatları qonağın diqqətinə çatdırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Mozambik parlamentinin deputatı Telmina Manuel Paixao Pinho Pereira öz növbəsində ölkə parlamentinin sədrinin salamlarını çatdırıb və ölkələrimiz arasında münasibətlərin parlamentlər səviyyəsində də inkişafında maraqlı olduqlarını qeyd edib. O, Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin vacib təsisat olmasına toxunaraq ölkəmizin atdığı humanitar addımları yüksək qiymətləndirib. Eləcə də, uzun illərdən sonra regiona sülhün gəlməsini və Azərbaycanın sülhü dəstəkləyən ölkə olmasını qeyd edərək münasibətlərimizin gələcək inkişafı ilə bağlı inamını bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzular barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsiMilli Məclisdə Mozambik parlamentinin deputatı ilə görüş
Milli Məclisdə Mozambik parlamentinin deputatı ilə görüş

Fikirlər

 Oxşar xəbərlər: