Xəbər lentİ


Gəncə terroruna verilməyən hüquqi qiymət və Beynəlxalq təşkilatların erməni maraqları

14:46, 10.10.22
39
siyaset
Gəncə terroruna verilməyən hüquqi qiymət və Beynəlxalq təşkilatların erməni maraqlarıErmənistanın hərbi-siyasi rəhbərliyinin Gəncə əhalisinə qarşı sistemli terror hücumlarına start verməsindən iki il ötür.
2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb.
Xatırlatma:
- İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxs şəhid olub. 30-dan çox şəxs isə yaralanıb;
- İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb;
- Üçüncü raket hücumu oktybarın 8-də olub, həlak olan və yaralanan olmayıb;
- Dördüncü raket hücumu 11 oktyabrda baş verib və nəticədə 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb;
- Dinc insanları hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla, 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb.
Mülki əhaliyə qarşı təşkil edilən hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ciddi ziyan dəyib.
Döyüş meydanında məğlub olan Ermənistan qisasını dinc sakinlərdən almaq, əhalidə qorxu yaratmaq və ciddi dağıntılara törətmək məqsədilə Gəncə şəhəri ilə yanaşı, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi və Xızıya da ballistik raketlər və digər ağır artilleriya qurğuları ilə hücum etmişdi. Bu hücumlar nəticəsində isə 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Prezident İlham Əliyev Vətən Müharibəsi zamanı Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Ermənistanın Gəncə şəhərinə terror hücumu barədə bu fikirləri səsləndirmişdi.
Sitat: "Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb. Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağıq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq”.
XXI əsrdə də davam edən erməni terroru və susan beynəlxalq təşkilatlar
Azərbaycanın müvafiq qurumları Ermənistanın Gəncə və digər şəhərlərdə törətdiyi terror hücumları barədə beynəlxalq təşkilatlara faktlarla müraciət etsə də, həmin qurumlar susmağa üstünlük verir, təcavüzkara təzyiq göstərmir, sanksiya tətbiq etmir. Bilirlər ki, Ermənistan üçün formalaşdırılan cəzasızlıq mühiti onları Azərbaycana qarşı yeni cinayətlərə sövq edir. Amma yenə susurlar.
Maraqlıdır ki, beynəlxalq qurumlar anbaan kameraya düşən, araşdırmaya ehtiyacı olmayan terror hadisəsinə susarlarsa, hansı ədalətdən danışa bilərlər? Onların işi yalnız tərəfləri sülhə çağırmaqdır? Təcavüzkara təzyiq göstərilməsə, o etdiyi cinayətlərə görə cəzalandırılmasa real sülh necə mövcud ola bilər?
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda beynəlxalq təşkilatların ölkəmizə qarşı münasibəti ilə bağlı sorğu keçirilsə, əhalinin əksər hissəsi onların fəaliyyətini sıfır, bəyanatlarını isə "şablon" adlandıracaq. Səbəb isə həmin qurumların əksər hallarda ikilistandart siyasət yürütməsi, Azərbaycan həqiqətlərinə laqeyd yanaşmasıdır.
Həmin təşkilatlara üzv olan bəzi aparıcı dövlətlər az qala "erməni soyqırımı"nı inkar edənlərə qarşı ölüm cəzası tətbiq etməyə hazırdır. Amma həqiqət budur ki, "erməni soyqırımı" sadəcə iddiadır, amma Gəncə terroru, bir neçə gün əvvəl Xocavəndin Edili kəndində aşkarlanmış kütləvi məzarlıq isə kameralara həkk olunmuş faktdır.
Hansısa beynəlxalq təşkilat azərbaycanlılarının qeyri-döyüş şəraitində ermənini öldürdüyünə dair video və foto göstərə bilərmi? Təbii ki, xeyr. Amma ermənilərin azərbaycanlı mülki əhalini vəhşicəsinə öldürməsinə dair minlərlə fakt mövcuddur. Azərbaycanın faktlarla, foto və videolarla sübut olunmuş Xocalı, Başlıbel, Qaradağlı kimi soyqırımları var.
Beynəlxalq təşkilatların həmin soyqırımlarla bağlı faktlara, Gəncə terroru zamanı çəkilən görüntülərə, dinc insanların ölümünə laqeydliyi sadəcə qərəzdən başqa bir şey deyil.
Niyə Ukraynada öldürülən mülki vətəndaşlarla bağlı ard-arda bəyanatlar verən, müxtəlif komissiyalar yaradan bəzi beynəlxalq təşkilatlar Azərbaycan vətəndaşının həyatı müzakirə mövzusu olanda susurlar?
Ermənilərin hazırladığı saxta videolara görə ölkəmizə təzyiq etməyə çalışan, müzakirələr aparan təşkilatlar qərəzli deyillərsə, Gəncə terroru və Edili kəndində aşkarlanmış kütləvi məzarlıqla bağlı beynəlxalq komissiya yaratsın. Həmin komissiyanın üzvləri bölgəyə gəlib faktlarla tanış ola, Gəncədə yerlə-yeksan edilmiş binaları görə, öldürülən vətəndaşların ailə üzvləri ilə söhbətləşə və həmçinin Edili kəndində işgəncələrlə öldürülmüş Azərbaycan vətəndaşlarının qalıqlarına şahidlik edə bilərlər. Təbii ki, həmin komissiya baş verənlərə ədalətli yanaşsa, azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirən cinayətkarlar qısa müddət ərzində beynəlxalq tirbunallarda mühakimə olunacaqlar. Çünki ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi Gəncə terrorunun, etnik təmizləmə və soyqırımı siyasətinin ciddi araşdırmaya ehtiyac yoxdur.
Azərbaycanın müvafiq orqanların arxivlərində Gəncədə binaları dağıdan, dinc sakinlərin ölümünə səbəb olan raketlərin növündən tutmuş, terror anı, terrordan sonra yaşananlar rəsmi sənədlərlə, video və fotolarla mövcuddur. Bircə beyəlxalq təşkilatların hadisəyə hüquqi qiymət verib, hərbi cinayətkarları cəzalandırması qalır.
Həmin təşkilatlar əmin olsunlar ki, ermənilərin törətdiyi cinayətlərlə bağlı ədalətli qərarlar qəbul etsələr, Azərbaycan xalqının onlara inamı və hörməti daha da artacaq.

Fikirlər

 Oxşar xəbərlər: