Bu gün azərbaycanlı fəallar Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasında yeni tələblər səsləndiriblər. Fəallar ekoloji terrora son qoyulması ilə yanaşı, digər tələbləri də dilə gətirirlər.
Etirazçıların yeni tələblərinə nəzər salaq:
1. Qarabağa və Laçın yoluna sülməramlılarla yanaşı, Azərbaycanın dövlət orqanları da nəzarət etməlidir. Bu məqsədlə bölgəyə Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi nəzarət etməlidir;
2. Ermənistandan Qarabağa mina daşınmasına son qoyulmalıdır.
3. Laçın istiqamətində Ermənistanla sərhəddə Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları olmalıdır;
4. Laçın yolu vasitəsi ilə Qarabağa silah-sursatın, hərbçilərin daşınmasına son qoyulmalıdır;
Təbii ki, aksiya iştirakçıların Rusiya sülhməramlıları qarşısında yeni tələblər qoymasında qeyri-adi heç nə yoxdur. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağı azad edib və Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər daxilində bütün ərazisinə nəzarət etməlidir.
Rəsmi Bakı Rusiya sülhməramlılarının bölgəyə daxil olmasına ona görə icazə verməyib ki, onlar separatçılarla əlbir olub Qarabağın təbii sərvətlərini talan etsinlər, ermənilərin əraziyə silah daşımasına şərait yaratsınlar. Üçtərəfli bəyanatda da göstərilib ki, sülhməramlıların Qarabağa daxil olmasına paralel olaraq, silhalılar bölgədən çıxarılmalı idi. Amma tam əksi baş verir.
Erməni separatçılar silahlandırılmaqla yanaşı, Rusiya sülhməramlılarının olduğu bölgələrdən Azərbaycana qarşı mina terroru həyata keçirilir. Müharibədən sonra bölgədə aşkarlanan minaların üzərindəki istehsal tarixi buna əyani sübutdur. Tapılan minaların üzərində 2021-2022-ci illərdə istehsal olunduğu qeyd olunub. İstehsal tarixi onu göstərir ki, minalar Qarabağa müharibədən sonra Laçın yolu vasitəsilə gətirilib.
Həmçinin, Rusiya sülhməramlıları ötən dövr ərzində separatçı rejimin ləğvinə yönələn heç bir addım atmayıb. Əksinə, separatçılar - Araik Arutunyan və Ruben Vardanyan sülhməramlıların nəzarəti altında Azərbaycanın qızıl yataqlarının, digər təbii sərvətlərini talan etməklə məşğuldurlar. Sülhməramlılar isə onların bu fəaliyyətinə göz yumur.
Göründüyü kimi, sülhməramlılar öz mandatlarına uyğun fəaliyyəti deyil, separatçıları silahlandırmağı və Qarabağda biznes qurmağı hədəfləyiblər.
Ümumilikdə, hadisələrin gedişi göstərir ki, Araik Arutunyan və Ruben Vardanyan öz diktaturalarını möhkəmləndirmək üçün Qarabağdakı erməni vətəndaşlarımızı girov saxlamağı planlaşdırırlar.
Erməni siyasi şərhçi Onik Qriqoryanın "Twitter hesabında Ruben Vardanyanın Azadlıq Radiosuna verdiyi müsahibə barədə yazdıqları da buna sübutdur.
Onik Qriqoryan Vardanyanın müsahibəsi ilə bağlı bunları yazıb: "Bu arada, Azadlıq Radiosuna müsahibəsində Ruben Vardanyan deyir ki, Qarabağda ərzaq, yanacaq və dərman təminatında heç bir problem yoxdur".
Vardanyan, həmçinin, deyir ki, aksiyaçıların təcili yardım və digər nəqliyyat vasitələrini buraxdığı barədə eşidib, ancaq bu, olmayacaq.
Əslində, Vardanyan əhalinin müxtəlif vasitələrlə Qarabağı tərk edəcəyini düşündüyü üçün onların qarşısını əlindəki inzibati vasitələrlə kəsir. Vardanyanın bu mövqeyi göstərir ki, onlar özləri hakimiyyət maraqları üçün Qarabağda humanitar böhran yaratmağa çalışırlar.
Azərbaycanlı etirazçıların tələblərini daha da sərtləşdirməsi isə Araik Arutunyan və Ruben Vardanyanın Qarabağda möhkəmlənmə planının baş tutmayacağını göstərir. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər etirazı davam etdirəcəklərini bəyan ediblər. Göründüyü kimi, zaman separatçıların ziyanına işləyir.
Rəsmi Bakının isə mövqeyi dəyişməzdir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Bakı Qarabağdakı vətəndaşlarının bütün ehtiyaclarını ödəməyə hazırdır. Hazırda keçirilən aksiya erməni əsilli vətəndaşlara deyil, separatçıların qanunsuz əməllərinə qarşı yönəlib. Bu səbəbdən, yerli ermənilər istəyərlərsə, onların ərzaq təminatı, dərman ehtiyacları və digər təlabatları Azərbaycan tərəfindən ödənilə bilər.