Xəbər lentİ


Azərbaycanın tarixində yeni səhifə başlanır

11:41, 26.12.22
28
siyaset
Azərbaycanın tarixində yeni səhifə başlanırPrezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.
Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.
Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.
İndi Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər inşa olunur.
Azərbaycanın tarixində yeni səhifə başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Cənab Prezidentimiz möhtərəm İlham Əliyevi doğum günü münasibıtilı ürəkdən təbrik edir və ona can sağlığı arzu edirəm.
Azərbaycanın tarixində yeni səhifə başlanır
Könül Səmədova
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan dili" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Azərbaycan qadını" media medalı və "Əhməd Cavad-130" media mükafatı laureatı

Fikirlər

 Oxşar xəbərlər: