Xəbər lentİ


Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi

11:46, 26.12.22
31
siyaset
Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdiBu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi indiki milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Hazırda inamla irəliləyən ölkəmizdə müstəqil siyasət, müstəqil dövlətçilik, müstəqil xarici siyasət, müstəqil daxili siyasət milli ideologiyanın əsas prioritetləridir. Azərbaycanın müasir tarixi iki qüdrətli liderin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir.
“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.
Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Azərbaycan xalqı ölkəmizə möhtəşəm zəfər sevincini bəxş etdiyinə, erməni işğalına son qoyduğuna, Qarabağı azad etdiyinə görə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevə dərin hörmət və ehtiramını ifadə edir. Şuşanın azad edilməsi şərəfinə, Zəfər günündə Bakının, digər şəhərlərimizin küçələrini dolduran izdiham, sevinc və bəxtiyarlıq hissləri bu hörmət və ehtiramın aydın ifadəsi idi.
Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev, özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub.
İrimiqyaslı infrastruktur layihələr icra olunur. Görülən işlər nəticəsində işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.
İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Xalqımız sabaha inamla baxır.
Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin ad günüdür. Bu münasibətlə onu təbrik edir, ona möhkəm can sağlığı, daşıdığı tarixi missiyada daha böyük uğurla arzulayırıq.
Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi
Kərəm Məmmədov,
BDU-nun "Diplomatiya və müasir inteqrasuya prosesləri" kafedrasının dosenti, siyasi elmlər namizədi, "Heydər Əliyev-98, "Şuşa-270" media medalı mükafatları laureatı

Fikirlər

 Oxşar xəbərlər: