Xəbər lentİ


Müzəffər Ordunun Qədirbilən Sərkərdəsi

11:49, 26.12.22
33
siyaset
Müzəffər Ordunun Qədirbilən SərkərdəsiRamiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

44 günlük Vətən müharibəsindəki Zəfərimiz xalqımızın başını dik, dövlətimizin sözünü ötkəm, Vətənimizi azad, Şəhid qanı tökülən torpaqlarımızı müqəddəs, ordumuzu müzəffər etdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımıza Qələbəni bəxş edən ordumuz hərbi quruculuq siyasəti ilə dünyanın ən güclü 50 ordusu sırasına daxil olmuş Müzəffər orduya çevrilmişdir. Əlbəttə bu, xalqımızın çox böyük əksəriyyətlə seçdiyi Zati-Aliləri İlham Əliyevin ilk dəfə Prezident vəzifəsinə seçildiyi 2003-cü ildən etibarən planlı və ardıcıl şəkildə aparılan ordu quruculuğu məsələlərini dövlət siyasətinin prioriteti kimi müəyyən etməsi sayəsində həyata keçirilə bilmişdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Silahlı Qüvvələrin maddi-texniki bazası yenilənmiş, müasir infrastruktur yaradılmış, onun xüsusi diqqəti sayəsində yaradılmış müdafiə sənayesinin hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunaraq silahlı qüvvələrimizin arsenalına daxil edilmişdir.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Aparılan məqsədyönlü, uğurlu siyasət sayəsində Azərbaycan düşmən üzərində qələbəyə imza atdı. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə düşmən ağ bayraq qaldırdı, kapitulyasiya aktına imza atmağa məcbur edildi. Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan özümüzə qaytarıldı.
Prezident İlham Əliyevin Zəfər zirvəsi xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad edilməsi oldu ki, bununla da ölkəmizin 30 ilə yaxın müddət ərzində pozulmuş ərazi bütövlüyü bərpa olundu və Vətən müharibəsi Zəfərlə sona çatdı.
Misilsiz qəhrəmanlıq nümunələri ilə, ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edərək qazandığı tarixi Zəfərin nümayişi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, Hərbi Qənimətlər Parkının salınması ideyasını verdi. Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürü olaraq Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, o cümlədən 15 yeni medal təsis olundu.
Vətən müharibəsində öz sağlamlıqlarını itirən Qazilərimizin də tarixi qələbəmizdə xüsusi payı var. Qazilərimizin Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan “Mən hər zaman qazilərin yanında olacağam” söyləmişdir. Hazırda ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər alınmış, 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Bir sözlə, Azərbaycan şəhid ailələrinə və qazilərə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.

Fikirlər

 Oxşar xəbərlər: