Xəbər lentİ


Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 30 may 2023-cü il tarixində keçirilən plenar iclasında çıxış etdi

11:45, 31.05.23
6
siyaset
Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 30 may 2023-cü il tarixində keçirilən plenar iclasında çıxış etdiHörmətli həmkarlar!
Məlum olduğu kimi, mayın 28-də qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda türk dünyasının böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanmışdır. Əsl demokratiya şəraitində əldə edilmiş bu qələbə bütün Azərbaycan xalqını qəlbən sevindirmişdir. Biz əminik ki, hörmətli Prezident Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyənin dinamik inkişafı qarşıdakı dövrdə yeni vüsət alacaq, biz Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının yeni uğurlu nəticələrinə şahidlik edəcəyik.
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti mayın 24-dən 26-dək Serbiya Respublikasında ilk rəsmi səfərdə olmuşdur.
Mayın 25-də nümayəndə heyəti paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş və onun əziz xatirəsini yad etmişdir.
Səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Serbiyanın Baş naziri Ana Brnabiç, Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşlər keçirilmişdir.
Görüşlərdə Azərbaycanla Serbiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunmuşdur. Qeyd edilmişdir ki, ölkələrimiz suverenlik və ərazi bütövlüyü məsələlərində daim həmrəylik nümayiş etdirirlər. Qarşılıqlı etimada və anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrin, xüsusən, energetika və ekologiya, sərmayə qoyuluşu sahələrində əlaqələrin güclənməsinə də təkan verir.
Dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin iştirakı ilə bağlı məsələlər nəzərdən keçirilmişdir.
44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra regionda mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasını nəzərdə tutan "Böyük qayıdış" proqramının yerinə yetirilməsi, Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri barədə həmsöhbətlərimizə məlumat verilmişdir.
Serbiya Milli Assambleyasının sədri ilə görüşdə Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
Parlament nümayəndə heyətimiz Azərbaycanın Serbiyadakı Səfirliyi tərəfindən keçirilən və 28 may – Müstəqillik Gününə həsr olunmuş tədbirdə də iştirak etmişdir.
Hörmətli həmkarlar!
Hesab edirəm, nümayəndə heyətimizin Serbiya Respublikasına rəsmi səfəri uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.

Fikirlər

 Oxşar xəbərlər: