Xəbər lentİ


İkitərəfli münasibətlər yeni mərhələdə

14:41, 06.06.23
78
siyaset
İkitərəfli münasibətlər yeni mərhələdəMəşhur Məmmədov
Milli Məclisin deputatı

İsrail dövləti ilə əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək əlaqələrimiz var. Tarixə nəzər salanda görürük ki, Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olublar və bu gün də belə olmaqda davam edirlər.
Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Aramızda çox fəal siyasi dialoq var. Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.
Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.
Prezident İlham Əliyevin cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq.
Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Ölkələr arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.
Birgə Komissiya və Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələr arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. Hər iki ölkə iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işləri davam etdirir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsraillə qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur.
İsraillə yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir.
Bu sahədə fəal təmaslara başlanılıb. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.
Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.
Aprel ayında İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif sahələrdə tərəfdaşlığa maraq göstərdiyini qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulamışdır.
Azərbaycan-İsrail əlaqələrinin illərdir yüksələn xətlə inkişafının əsas səbəblərindən biri ölkəmizdə Yəhudi icmasına göstərilən həssas münasibətdir.
Sirr deyil ki, Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir. Yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılarla birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə ön cəbhədə igidlik göstərib.
Daha bir dostluq nümunəsini qeyd etmək yerinə düşər. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Müxtəlif ölkələrdə azərbaycanlılarının diaspor təşkilatları var. İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.
İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir.
İsrail dövlət başçısının ölkəmizə işgüzar səfəri çərçivəsində ölkə başçılarının iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. İmzalanan bu sənəd səhiyyə və tibb elmi sahəsində əməkdaşlığımıza istər səhiyyənin nəzdində olan yüksək texnologiya sahələrində, istərsə də tibb personalının ixtisaslaşması üzrə daha peşəkar bilik və təcrübələrə yiyələnməsinə tövhə verəcək.

Fikirlər

 Oxşar xəbərlər: