Xəbər lentİ


Gülnarə Abbasova: Xəzərdə ən böyük dalğalar cənub küləyi zamanı müşahidə edilir

21:33, 21.08.24
19
sosial
Gülnarə Abbasova: Xəzərdə ən böyük dalğalar cənub küləyi zamanı müşahidə edilir
Aparılan hidrometeoroloji müşahidələrə əsasən deyə bilərik ki, ilin soyuq dövründə Xəzər dənizində şərq, şimal-şərq və şimal küləkləri, ilin isti dövründə isə qərb, şimal-qərb və bəzi yerlərdə cənub-şərq istiqamətli küləklər üstünlük təşkil edir. Ən sürətli küləklər (tufanlar) Abşeron, Mahaçqala və Manqışlaq ərazilərində müşahidə edilir.
Bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova jurnalistlərə açıqlamasında səsləndirib.
O qeyd edib ki, tarixən Xəzər dənizi regionun xalqları üçün böyük əhəmiyyət daşıyıb və oradakı vəziyyətin müşahidə altında saxlanılması insanlar üçün önəmli olub. “Qapalı su hövzəsi olan Xəzər dənizinin su səthinin sahəsi böyük və hidrometeoroloji şəraiti mürəkkəb olmaqla səviyyəsi Baltik sistemi ilə təqribən 28 metrdir.
Dənizin və ətraf ərazilərin qeyri-bərabər qızması və soyuması nəticəsində, xüsusilə onun cənub hissəsində musson və briz küləkləri, orta və cənubi Xəzərin qərb sahillərində, dağların sahilə yaxın ərazilərində isə Böyük Qafqaz dağlarından əsən fen küləkləri müşahidə edilir. Ərazi üzrə ən yüksək rütubət Xəzər dənizinin şimalında və cənubunda olur. Yay aylarında ən aşağı rütubətə dənizin cənub-şərq hissəsində rast gəlmək olur.
Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklərin əsməsi ilə yaranır. Ən böyük dalğalar isə cənub küləyi zamanı orta Xəzərlə sərhəd ərazilərdə müşahidə edilir”.
G. Abbasovanın sözlərinə görə, Xidmət tərəfindən Xəzərdə aparılan hidrometeoroloji müşahidələr dənizin Azərbaycan sektorunda müxtəlif ərazilər üzrə yerləşdirilmiş ümumi 8 ədəd hidrometeoroloji müşahidə stansiya və məntəqə vasitəsilə həyata keçirilir. Stansiyaların 4-ü demək olar tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir. Həmin müşahidələr vasitəsilə dəniz suyunun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, yağıntının miqdarı və digər məlumatlar qeydə alınır.
Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə 1994-cü ildə yaradılmış Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi mütəmadi olaraq Xəzəryanı ölkələrin Xəzər dənizinin hidrometeoroloji məlumatlarının mübadiləsi işini və birgə koordinasiyalı fəaliyyətini təşkil edir. Bu da ölkəmiz üçün hidrometeoroloji müşahidə işlərinin daha dolğun və sistemli həyata keçirilməsinə imkan yaradır.

Fikirlər

 Oxşar xəbərlər: