Xəbər lentİ


Novruz bayramı - bərəkətin və xeyirxahlığın təcəssümü

18:59, 17.03.22
21
tehsil
Novruz bayramı - bərəkətin və xeyirxahlığın təcəssümü Novruz bayramı tarix boyu Azərbaycan xalqının mənəvi birliyini əks etdirən, onun ruhunu yaşadan, onu millət kimi formalaşdıran bir dəyər rolunda çıxış edib. Təsadüfi deyildir ki, 28 il ərzində Azərbaycan xalqının ən ülvi arzularından biri Novruz tonqalını Şuşada, Cıdır düzündə qalamaq və bayramı orada qeyd etmək olub. Bu arzu xalqımızın birliyinin torpaqlarımızın işğalı dövründə də qorunub saxlanmasına kömək edib. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində böyük Zəfərimizdən sonra bu arzumuz çin oldu. 2021-ci ildə Novruz bayramı günü Prezident İlham Əliyev Şuşa şəhərində Cıdır düzündə Novruz tonqalını qaladı. Bu tonqal Azərbaycan xalqının heç bir çətinliyə baxmadan səbir, təmkin və mətanətlə gələcəyə doğru addımlamasının, bu yolda özünə inamının daha da yüksəlməsinin, onun milli-mənəvi birliyinin daha da möhkəmlənməsinin və Vətən sevgisinin rəmzi idi.
Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır, hər şey cana gəlir. Yurdumuza, elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar.
Tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir.
Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.
Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır. Novruz əsrlərdir ki, milli, dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir.
Möhtərəm Prezident, əziz həmvətənlər, Zəfər qoxulu, bahar nəfəsli Novruz bayramımız mübarək!

Fikirlər

 Oxşar xəbərlər: