Xəbər lentİ


Xatirələrdə yaşayan insan

19:18, 14.01.16
3293
tehsil
Xatirələrdə yaşayan insan Gözəl insan, adı kimi mərhəmətli, xanım-xatın Mərhəmət Aslanovanın vəfatından bir il keçdi.

Onu tanıyanların qəlbində özünə əbədi heykəl qoymuş Mərhəmət xanımın yoxluğu təkcə ovladlarını, nəvə-nəticələrini, yaxınlarını, qohum-əqrəbasını deyil, onu sevənlərin hamısını daxilən sarsıtdı.
Ötən bir ildə Mərhəmət xanımı xatırlayanlar bu saf, incə qəlbli ananı, eləcə də bütün varlığını doğma peşəsinə - təhsilə bağlayan vicdanlı, peşəkar insan kimi xatırlayırlar desək qətiyyən yanılmarıq. Çünki Mərhəmət xanım elə bil anadan peşəkar təhsil işçisi, rəhbər doğulmuşdu. Bir rəhbər kimi o nə qədər ciddiydisə, bir o qədər də səmimi - tabeliyində olan işçilərə qarşı o qədər səmimi və diqqətli idi. Onu tanıyanlar yaxşı bilirlər ki, Mərhəmət xanım qurub-yaratmaq, yeni iş yerləri açmaq, insanlara kömək etmək üçün əlindən gələni edir; bütün varlığı ilə doğma işinə bağlı insan idi. Məhz bu keyfiyyətlərinə görə vəzifə cahibləri də Mərhəmət xanımın bir sözünü iki eləməzdilər. Onlar da Mərhəmət xanımın yaxşılıqlar üçün çalışdığını yaxşı bilir, onun hər hansı bir xahişini can-başla yerinə yetirirdilər. Belə məziyyətlərinə görə dünyanın bu çətin vaxtında Mərhəmət xanımı xatırlayanlar daha çox onun insani keyfiyyətlərini göz önünə gətiririr, ona Allahdan rəhmət diləyirlər ki, nə yaxşı ki bu dünyada Mərhəmət xanım var imiş və o bir çoxlarına iş verib, əlini çörəyə çatdırıb. Çünki çörək vermək, insanın taleyində inanılmaz iz buraxmaq həyatda hər kəsə qismət olmur. Bəzən adam inana bilmir ki, adi sıradan bir qadın olasan və bu qədər yaxşılıq edəsən; darda qalanlara, ehtiyacı olanlara əl tutasan, onlarm köməyinə çatasan, bir sözlə həyatınm qurulmasmda yardımçı olasan.
Mən bir neçə illər bu işgüzar, sadə, sadə olduğu qədər də səmimi olan Mərhəmət xanımı, mərhəmətli xanımı yaxından tanımış, onun bir məktəb direktoru kimi peşəkarlığına həsəd aparmışam. Mərhəmət xanım uzun illər peşə liseyinin direktoru işləyib. İşləyib demək azdır, qurub-yaradıb, çətin tərbiyə olunan uşaqları öz doğma balası kimi sevib. Onları haqq yoluna, düz yola qaytarıb. Məhz bu xüsusiyyətlərinə görə həmin insanlar bu gün Mərhəmət xanımı xoş xatirələrlə xatırlayır, yada salırlar. Onun insani keyfiyyətlərindən ağızdolusu danışır, Allahdan Mərhəmət xanıma rəhmət diləyirlər. Onlar inanırlar ki, Mərhəmət xanımın yeri cənnətlikdir. Çünki bütün mənalı həyatını Mərhəmət xanım ancaq cənnətlik işlərə sərf edib. İnsanlara fayda gətirən işlər görüb, onların xeyr-şərində yaxından iştirak edib, onlara dəstək olub.
Mərhəmət xanımın həyat fəaliyyəti o qədər çoxşaxəli, geniş miqyaslıdır ki, adam bilmir hansını desin ki, heç nə yaddan çıxmasın. Çünki o sadəcə bir məktəb direktor deyildi, həm də övladlarını sevən bir ana, nəvələrinin qayğısını çəkən, onların qeydinə qalan canıyanımlı bir nənə idi. Onların təhsil və tərbiyəsi üçün əlindən gələni əsirgəməyən, bütün mənalı həyatını onlara həsr edən ana, nənə idi. Məhz buna görədir ki, Mərhəmət xanımın övladları, nəvələri - hər biri ali təhsil almış dövlətimizin inkişafında səmərəli fəaliyyət göstərirlər.
Mərhəmət xanım özü də bütün varlığı ilə dövlətimizə, onun inkişafına xidmət edən bir insan idi. Azərbaycan dövlətinin yenicə müstəqilliyə qədəm qoyduğu illərdə Mərhəmət xanım bütün bilik və bacarığını dövlətçiliyimizin inkişafına həsr etmişdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışında Mərhəmət xanımın nə qədər sevindiyini, sevincindən göz yaşları axıtdığının çoxumuz şahidiyik. O gəncləri də bu ruhda tərbiyə edir, onları dövlətçiliyimizə sədaqətli olmağa ruhlandırırdı.
Amansız ölüm Mərhəmət xanımı aramızdan aparsa da onun işlərini övladları, nəvələri davam etdirir, onu tanıyanlar və sevənlər onun ruhuna dualar oxuyurlar. Onun yoxluğundan sarsılanlar ölüm haqdır, təsəlisinə nə qədər inansalar da Mərhəmət xanımın mərhəmtli işlərini xoş xatirələrlə xatırlayır, onun bu dünyada gördüyü xeyirxah işləri unutmurlar. Bütün mənalı həyatını, ömrünün ən yaddaqalan hissəsini insanlara yaxşılıq etmiş, onların həyatında silinməz izlər buraxmış, yox yerdən böyük bir iş yeri açmış insanı kim unudar? Məhz buna görə də Mərhəmət xanımın gördüyü bütün işlərin başında yaxşılıq durur. Hansı işindən danışırıqsa, yenə yaxşılığından söhbət açırıq.
Mərhəmət xanımı sağlığında tanıyanlar inanırlar ki, haqq dünyasında da Mərhəmət xanımın yeri haqlı olaraq ən yaxşı yerlərdən biri olacaq. Çünki onun bu dünyadakı xeyirxah və xoş əməlləri ancaq yaxşılığa xidmət edib. Yaxşı insanın hər yerdə yeri yaxşı olmalıdır.
İnsanların taleyində yaxşı izlər buraxan Mərhəmət xanım yerin behiştlik, cənnətməkan olsun! Çünki Siz buna layiq bir ömür yaşamışsınız.
Allah rəhmət eləsin!


Lətif

Fikirlər

 Oxşar xəbərlər: