Xəbər lentİ


Heydər Əliyev Azərbaycan təhsilinə qayğı ilə yanaşırdı

18:50, 05.04.23
69
tehsil
Heydər Əliyev Azərbaycan təhsilinə qayğı ilə yanaşırdıHeydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Müəllifi olduğu təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.
Daha sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.
Dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi. Sonralar baş verən məlum hadisələr, Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı həsəd və qısqanclıq hisslərinin baş qaldırması, Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.
Bundan istifadə edən ermənilər ölkəmizə qarşı uydurma ərazi iddiaları irəli sürərək əzəli torpağımız olan Dağlıq Qarabağ ətrafında hərbi təcavüzə başladı. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsaydı heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi.
Bütün sahələrə diqqətlə yanaçan Ulu Öndər Azərbaycan təhsilinin inkiçafına da xüsusi qayğı ilə yanaşırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. Həmçinin məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı.
Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.
Dahi rəhbərin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi yer tuturdu. 1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev ana dilində söylədiyi nitqində ali təhsil sahəsində qarşıda duran vəzifələrdən danışdı. Bu, təkcə universitet kollektivi deyil, bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş anı oldu. Universitetin Azərbaycan xalqının həyatında, Azərbaycan elminin inkişafında mühüm rolunu vurğulayan Heydər Əliyev dedi: “1919-cu ildə, Azərbaycanın ictimai dairələrində universitet açmaq haqqında məsələ müzakirə olunduqda bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamsızlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər”.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin nümunəsidir.
Anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə ölkəmizin müstəqilliyinin bazasını yaratdı. 1993-cü ildə isə dövlətçiliyimizi xilas edərək ölkəmizin inkişafı istiqamətində titanik fəaliyyət ortaya qoydu.
Bu münasibətlə ölkəmizin hər yerində Ümummilli liderin yubileyi çöyük ruh yüksəkliyi ilə qeyd edilir.
Heydər Əliyev Azərbaycan təhsilinə qayğı ilə yanaşırdı
Aytəkin Nəbiyeva,
Xəzər rayonu Elçin Şəmiyev adına 149 nöm tam orta məktəbin ibtidai sinif müəllimi

Fikirlər

 Oxşar xəbərlər: