Xəbər lentİ


Türkdilli ölkələrin məktəbliləri Fəxri xiyabanı ziyarət ediblər

11:54, 31.05.23
53
tehsil
Türkdilli ölkələrin məktəbliləri Fəxri xiyabanı ziyarət ediblərŞuşa şəhərində keçiriləcək “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı ilk beynəlxalq uşaq rəqs festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin rəqs qrupları mayın 29-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Məktəblilər Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra festival iştirakçıları Şəhidlər xiyabanı, Türk şəhidliyi və II Fəxri xiyabanı ziyarət ediblər.
Qeyd edək ki, layihə çərçivəsində festival iştirakçıları 28 may – 3 iyun tarixlərində Bakı və Şuşa şəhərlərində təşkil edilən ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Türkdilli xalqların birliyini əks etdirən festival müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-də ilk dəfə olaraq türk dünyasının mədəniyyət paytaxtı Şuşada baş tutacaq.
Tədbirdə türkdilli dövlətlərin uşaq rəqs qrupları ölkələrinin musiqi mədəniyyətini tamaşaçılara təqdim edəcək. Ümumilikdə isə 150-dən çox məktəbli müxtəlif rəqs nömrələri ilə səhnədə çıxış edəcək.
Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 200-ə yaxın məktəbli tamaşaçı qismində iştirak edəcək.

Fikirlər

 Oxşar xəbərlər: