Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı ulu öndərin adı ilə bağlı olmasın.
Ulu öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib. Onu da qeyd edim ki, Böyük Dühanın qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Məhz Onun qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa olundu və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı. Həmin dövrdən etibarən ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır.
Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu ondərin arzusunda olduğu, lakin ömrü vəfa vermədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, nadanlığı imperialist dövletlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Prezident İlham Əliyev Ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləyib. Bütün bunlara görə xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, uca Tanrıdan Onun ruhuna rəhmət diləyir! Heydər Əliyev irsi dünənimizin, bu günümüzün və sabahimizın parlaq nümunəsidir.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, istər sovet, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və yüksəlişi naminə gördüyü işlər tarixdə liderlərin roluna dair ən mükəmməl nümunədir. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olan unudulmaz tarixdir.
İlqar Əliyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın oyun növləri kafedrasının müdiri, dosent, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Azərbaycan bayrağı” və bir çox mükafatlar laureatı