
Aybəniz Məmmədova 13 ildir şəkərli diabetdən əziyyət çəkir. Onun fikrincə, şəkərli diabetin vaxtında aşkar olunması çox vacibdir. Çünki uzun müddət ərzində inkişaf edən və aşkar olunmayan şəkərli diabet bu günə qədər onda müxtəlif ağır fəsadlara, hətta diabetik komaya da səbəb olub: "13 ildir bu xəstəlikdən əziyyət çəkirəm. Heç ağlıma belə gəlməzdi ki, şəkər olaram. Çox susayırdım. Əvvəl fikir vermədim. Davamlı olduğunu gördükdən sonra həkimə müraciət etdim, yoxladılar və şəkərli diabet diaqnozu qoyuldu. İnsulin qəbul edirəm. İldə iki üz dəfə xəstəxanaya müraciət edirəm, müalicə alıram. Mütəmadi müalicə almasam, yəqin çətin olar".
Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən 212 577 xəstə qeydiyyatdadır. Bunun 29 min nəfərə yaxın birinci tip, yəni insulindən asılı diabet xəstələridir. 183 670 nəfəri isə ikinci tip diabetli xəstədir. Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek bildirib.
O qeyd edib ki, şəkərli diabet endokrin sisteminin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur: "Bunlardan 1150 nəfəri 18 yaşa çatan uşaqlardır. Bu uşaqlar Respublika Endokrinoloji Mərkəzində nəzarət altındadırlar. Bunlardan 99 faizi insulin terapiyadadır. Bunlar dövlət tərəfindən insulin, özünə nəzarət aparatları və testlərlə təmin olunurlar. 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlində isə 90 nəfərə insulin pompası qoyulub. Pompa şəkər tənzimləyən cihazdır ki, bunun vasitəsilə müalicələr daha yaxşı effekt verir və uşaqlar bu vaxta qədər koma vəziyyətinə düşməyiblər".
Babək Salekin sözlərinə görə, son vaxtlar insulinlərin keyfiyyətinə xüsusi diqqət yetirilir. Avropa keyfiyyətli insulinlərin ölkəmizdə tətbiqindən sonra şəkərli diabet xəstələrinin koma halına düşmə vəziyyətləri azalır: "Koma vəziyyətinə düşmə xəstənin özündən daha çox asılı olur. Belə ki, insulin vaxtında qəbul olunmayanda, özünə nəzarət unudulanda xəstənin vəziyyəti ağırlaşır. Adətən, bizdə xəstə həkimin yanına gedib məsləhət alır və düşünür ki, şəkər düşəndən sonra bu insulin vurmamalıdır. İnsulin vurulmayanda isə gündəlik olaraq şəkər qalxır, nəzarətdən kənar qalan diabetli xəstə hiperqlikemik komaya düşür. İnsulinin artıq vurulması insanların, daha çox yaşlı xəstələrin birbaşa görmə qabiliyyətinə təsir edir".
"Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir" deyən Babək Salek qeyd edib ki, şəkərli diabet xəstələrindən hər iki nəfərdən biri xəstəlikdən xəbərsiz olur. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3-9%-ə qədərdir. Xəstəliyin aşkarlanması skrininq vasitəsilə məlum olur. Xəstəliyin gec aşkarlanması isə orqanizmdə ciddi fəsadlara səbəb olur: "Birinci və ikinci tip diabetlərdə əlamətlər çox fərqli olur. Uşaqlarda və yeniyetmələrdə xəstəliyin başlanğıc mərhələsi özünü daha kəskin büruzə verir. Xəstəlik kəskin arıqlama və susuzluğun başlaması ilə ortaya çıxır, sidiyə çıxma halları çoxalır. Bu hallar gecələr daha da çoxalır. İkinci tip şəkər xəstəliyi tədricən başlayır və xəstələr çox zaman bunu hiss etmir. Bizdə bu hal daha acınacaqlıdır. Xəstələrin bəzisi susuzluğu daha çox yağlı yemək yemələri ilə əlaqələndirilər. Suyu çox içməyi və sidiyə çox getməyi adətən "çayxor"luqla əlaqələndirirlər. Həkimə isə xəstəliyin gecikmiş halında gəlirlər".
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının cərrahi işlər üzrə baş həkim müavini Elmir Əsgərov qeyd edib ki, xəstəlik hazırda həddindən çox sürətlə artır və cavanlaşır. Buna səbəb isə müasir həyat tərzi - hipodinamiya (hərəkətsizlik), artıq çəki və qidalanma tərzinin dəyişməsidir. Dünyada iki milyarddan çox insanın artıq çəkidən əziyyət çəkdiyini qeyd edən baş həkim müavini qeyd edib ki, bütün dünyada 2 milyarda yaxın insanın çəkisi normadan çoxdur: "Bu insanlar bir çox xəstəliklərə düçar olurlar. Bu xəstəliklərdən biri də 2-ci tip şəkərli diabet xəstəliyidir. 2-ci tip diabetli xəstələrin bir çoxunda bu xəstəlik əsasən artıq çəkidən əmələ gəlib. Bütün dünyada belə xəstələr üçün bariatrik və metabolik cərrahiyyə istifadə olunur ki, bu da ən çox ABŞ-da qeydə alınır. Çünki ABŞ-da çəkisi artıq və hətta ölümə səbəb olan çəki artıqlığı olan insanlar çoxdur. Buna görə də bu əməliyyata ABŞ-da başlanıldı və hazırda bir çox ölkələrdə bu əməliyyat icra edilir. Azərbaycanda da belə əməliyyatlar həyata keçirilir. Yəni artıq çəkili insanlara mədə kiçiltmə əməliyyatı və metabolik cərrahiyyə həyata keçiririk".
E.Əsgərov şəkərli diabet xəstələrinin əməliyyat olunmasının problemlər yarada biləcəyi ilə bağlı fikirlərə də münasibət bildirib: "Bizim əməliyyat etdiyimiz xəstələrin çoxu şəkərli diabet xəstələridir. İndi elə bir hal yoxdur ki, şəkərli diabet xəstəsi əməliyyat oluna bilməz. Nəzarətsiz şəkərli diabet xəstələri ilə bağlı əməliyyat zamanı problemlər ortaya çıxa bilər. Onlar insulindən asılı, nəzarətsiz, qanda şəkəri 400-500-ə yüksələn xəstələrdir. Onların yaralarında müəyyən problemlər əmələ gələ bilər. Nəzarət altında olan xəstələrin əməliyyatla bağlı hər hansı problemi olmur. Onlar normal insanlar kimi əməliyyat oluna bilirlər".
E.Əsgərov deyib ki, mədə kiçiltmə əməliyyatının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi tibbi göstərişlər var: "Bədən kütlə indeksinin 35 kq/kv. m-dən çox olması və yanaşı xəstəliyin mövcudluğu, eyni zamanda yanaşı xəstəlik olmadıqda, kütlə indeksinin 40 kq/kv. m-dən çox olması mədə kiçiltmə əməliyyatı üçün birbaşa göstərişdir".