
Martın 18-də saat 9:20 dəqiqədə Yeni Günəşlidən metronun «Neftçilər» stansiyasına doğru hərəkət edən 50 nömrəli marşruta minəndə gördük ki, avtobusun salonu çox soyuqdur. Hətta çöldə hava burdakından bir qədər mülayim idi. Çünki çöldə hərəkət edirsən və soyuğu bir o qədər də hiss etmirsən. Qəribə də olsa, deyəcəyik. Ümumiyyətlə, 50 nömrəli marşrutda işləyən əksər avtobuslarda qış vaxtı istilik sistemi işləmir. Ona görə də burda hər şey adiləşir.
Həmin marşrutda hərəkət edən 90 HS 675 nömrəli avtobusda doğurdan da vəziyyət çox acınacaqlı idi. Hətta bəzi sərnişinlər salon soyuq olduğuna görə, düşüb başqa bir avtobusa minirdilər.
Ümumiyyətlə, soyuq günlərdə tək 50 nömrəli marşrutda deyil, 596, 133 nömrəli marşrutlarda işləyən avtobuslarda da istilik sistemi fəaliyyətsiz idi. Təbii ki, bu da sərnişinlərin bu yazağzı xəstələnməsinə, soyuqlamasına və hətta sətəlcəm olmasına gətirib çıxara bilər.
Ona görə də Bakı Nəqliyyat Agentliyi adını çəkdiyimiz marşrutlarda qayda-qanun yaratmağa çalışmalı, soyuq havalarda istilik sistemi olmayan avtobusların istismara buraxılmasına icazə verməməlidi. Bir sözlə, həmin marşrutların sahibləri zəhmət çəkib, mövcud nöqsanları aradan qaldırmalıdılar.
Emil FAİQOĞLU