Xəbər lentİ


Faiq QİSMƏTOĞLU: Hamı kef eləyəndə...

16:07, 18.03.22
28
yazarlar
Faiq QİSMƏTOĞLU: Hamı kef eləyəndə... Onlar iş başında olurlar
Elə qurumlar var ki, bayram günlərində gücləndirilmiş iş rejimində çalışır və onlar demək olar ki, həmişə iş başında olurlar. Belə qurumlara hüquq-mühafizə orqanları, nəqliyyat və rabitə, səhiyyə, mənzil kommunal təsərrüfatları birlikləri daxildir. Təbii ki, həmin qurumlar hava şəraitindən asılı olmayaraq əhaliyə xidmət göstərir, onların problemlərini həll edir və başqa sözlə demiş olsaq, biz kef eləyəndə onlar iş başında olurlar.
Təbii ki, 24 saat xidmət aparmaq, özü də gücləndirilmiş iş rejimində çalışmaq o qədər də asan deyil. Birincisi, bu müddətdə aidiyyatı qurumların əməkdaşlarının hamısı iş yerində olur və çağırış gələrsə, hadisə yerinə gedirlər. Aydındır ki, bu cür ekstremal şəraitdə işləmək və fəaliyyət göstərmək o qədər də rahat deyil. Bu, hər bir əməkdaşdan yüksək məsuliyyət və peşəkarlıq tələb eləyir. Əlbəttə, bir çox hadisələr elə bayram günləri baş verir. Yəni, insanlar bir çox halda səhlənkarlıq göstərir, bu zaman ya yol-nəqliyyat hadisəsi olur, ya yanğın baş verir, ya da hansısa xoşagəlməz hadisə yaranır. Bax, belə məqamda adını çəkdiyimiz qurumların əməkdaşları insanların köməyinə çatırlar.
Faiq QİSMƏTOĞLU: Hamı kef eləyəndə...
Belə qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsidir. Heç kimə sirr deyil ki, bayram günlərində polis həmişə gücləndirilmiş iş rejimində çalışıb. Artıq martın 20-dən 28-nə qədər ölkəmizdə bayramdır və qeyri-iş günü hesab olunur. Belə bir şəraitdə yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Daha doğrusu, artıq çalışmağa başlayıb. Çünki bir neçə gündür ölkəmizdə qeyri-sabit hava şəraiti hökm sürür və məmləkət ərazisinə qar yağır. Əlbəttə, belə şəraitdə yol polisinin üzərinə böyük bir məsuliyyət düşür. Başqa sözlə demiş olsaq, yol polisi 24 saat fəaliyyət göstərməyə məcburdur. Belə bir durumda işləmək, xidmət aparmaq özü də qarlı və şaxtalı havada çalışmaq elə də asan deyil.
Mart ayının 17-dən respublikanın bir çox avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Xüsusən də Bakı- Şamaxı-Yevlax və Muğanlı-İsmayıllı avtomobil yollarında güclü qar yağması nəticəsində avtomobili idarə edən sürücülər çıxılmaz vəziyyətdə qalıblar. Gündüz və axşam saatlarında Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımın əməkdaşları yolda hərəkətin təhlükəsizliyini təmin etmək üçün səhər saatlarına qədər yol idarəsinin əməkdaşları ilə birgə xidmət aparıblar.
Belə ki, avtomobil yolu ağır texnika ilə təmizlənib, buz bağlanmış yollara qum qarışıq duz səpilib və sərt döngələrdə yol polisi soyuq havada xidmət edərək sürücülərə diqqətli olmağı tövsiyə edib. Hətta yolda qalmış bir neçə avtomobil sahibinə yol polisi əməkdaşları tərəfindən köməklik göstərilib. Çətin vəziyyətdə olan və çıxılmaz ana düşən bəzi sərnişinlər və sürücülər stasionar posta aparılıb, onlara lazımi köməklik göstərilib.
Üçüncü tağımın komandiri, polis mayoru Ürfət Şükürov bildirir ki, martın 16-dan əməkdaşlarımız mürəkkəb hava şəraitində gücləndirilmiş iş rejimində çalışırlar. Xüsusən də martın 17-də və 18-də qarın yağması nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti daha da çətinləşib. Təbii ki, belə bir durumda bizim üzərimizə yüksək məsuliyyət düşür. Hər bir əməkdaşa tapşırmışıq ki, qarlı və şaxtalı havada daha diqqətli olsun, avtomobilləri idarə edən sürücülərə kömək göstərsinlər. Bax, qarlı havada hərəkət edə bilməyən neçə-neçə sürücüyə əməkdaşlarımız kömək göstərib və çətin vəziyyətdən çıxarıblar. Üstəlik də, bəzi sürücülərə xəbərdarlıq edilib ki, yolun müəyyən hissəsində buzlar yaranıb və həmin istiqamətdə nəqliyyat vasitələrini sürət həddinə uyğun idarə etsinlər. Eyni zamanda bir çox sürücülər hava şəraiti ilə əlaqədar olaraq stasionar postda saxlanılıb və onlar da əməkdaşlarımız tərəfindən maarifləndirilib. Biz belə havalarda maksimum dərəcədə çalışırıq ki, ağır yol-nəqliyyat hadisələri baş verməsin. Bu da bizdən çox sürücülərdən asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli bildirdi ki, mürəkkəb hava şəraiti ilə əlaqədar bütün sürücülərə müraciətimiz olub. Martın 20-dən 28-nə qədər qeyri-iş günü olduğu üçün əksər insanlar bayram günlərində rayona gedirlər. Bu da o deməkdir ki, avtomobil yollarında sıxlıq olacaq. Üstəlik də hava şəraitinin qeyri-sabit keçməsi, qarın yağması və şaxtanın olması yollarda vəziyyəti bir qədər də ağırlaşdırır. Belə mürəkkəb hava şəraitində hər bir sürücü metroloji vəziyyəti nəzərə almalı, ona uyğun sürət seçməli, ötmə əməliyyatını yerinə yetirərkən diqqətli olmalı, avtomobillərin texniki sazlığına önəm verməli, qarlı və şaxtalı havada ara məsafəsi saxlamalı və bir sözlə, sürət həddinə əməl etməlidilər. Əgər hər bir sürücü bizim tövsiyələrimizə və xəbərdarlıqlarımıza diqqət yetirsə, yol-nəqliyyat hadisələri də baş verməz.
Polis baş leytenantı Toğrul Nəsirli bir fikri də xüsusilə vurğuladı ki, həmişə bayram günlərində bəzi hərəkət iştirakçılarının diqqətsizliyi üzündən qəzalar da baş verir. Ona görə də həm sürücülər, həm də piyadalar birmənalı olaraq yol hərəkəti qaydalarına riayət etməlidilər. Çünki mürəkəb hava şəraitində yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı da bir qədər artır.
Göründüyü kimi, bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək yol polisinin üzərinə yüksək məsuliyyət düşür. Amma bu o demək deyil ki, hərəkət iştirakçıları bu məsuliyyətdən yaxalarına kənara çəkməli və yol-nəqliyyat hadisələrinə münbit şərait yaratmalıdılar. Deməli, hərəkətin təhlükəsizliyi həm yol polisindən, həm sürücüdən, həm də piyadadan asılıdır. Sadəcə olaraq bu üç tərəfin hər biri bu missiyanı yerinə yetirəndə bədbəxt hadisələr də baş vermir, insanlar mənzil başına təhlükəsiz və rahat çatırlar.

Fikirlər

 Oxşar xəbərlər: