Şairə Xuraman Muradovaya Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin fəxri professoru adı verilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı diplomatik korpusunun və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, jurnalistlər, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Şöhrət Siracəddinov iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişlənməsində mədəniyyət, ədəbiyyat, elm adamlarının xidmətlərini vurğulayıb.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri Hüseyn Quliyev Azərbaycan və özbək xalqlarının birgə köklərə malik olduqlarını və bu köklərə əsaslanan qardaşlıq münasibətlərinin bu gün də ən yüksək səviyyədə olduğunu qeyd edib.
Daha sonra çıxış edən Xuraman Muradova özbək xalqına doğma Azərbaycan xalqının salamlarını çatdıraraq yaradıcılığının qiymətləndirilməsinə görə Universitetin kollektivinə və rəhbərliyinə təşəkkürünü bildirib.