Xəbər lentİ


31 Mart soyqırımı tarixin qara səhifələrindəndir

22:01, 29.03.24
14
siyaset
31 Mart soyqırımı tarixin qara səhifələrindəndirSara Xanlarova,
132-134 nömrəli Təhsil Kompleksinin müdiri, Əməkdar müəllim

Bəşəriyyətə qarşı ən qatı cinayət sayılan 31 Mart soyqırımı tarixin qara səhifələrindəndir və xalqımızın zaman-zaman üzləşdiyi faciələr sırasında 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla törədilmiş kütləvi qırğınlar xüsusi qəddarlığı ilə seçilir. Buqələmun kimi cilddən-cildə girməyi yaxşı bacaran erməni millətçiləri bu dəfə həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq bolşevizm ideyalarından sui-istifadə etdilər. Sıralarında çoxlu sayda erməninin “lövbər” saldığı Bakı Kommunası əks-inqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı.
Mart ayının son üç günü ərzində təkcə Bakıda təxminən otuz mindən çox azərbaycanlı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Eyni zamanda, şəhər camaatının o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaşı və əmlakı qarət edildi. Mart soyqırımı zamanı ermənilər Bakıda azərbaycanlı-müsəlman əhalisini soyqırıma məruz qoyduqları kimi, mədəniyyət abidələrimizi, qəbiristanlıqları, məscidləri, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanda 1918-ci il martın sonu və aprelin əvvəlində ermənilər tərəfindən törədilən qırğınların coğrafiyası yalnız Bakı ilə məhdudlaşmayıb, respublikanın bir sıra bölgələrini də əhatə edib. Arxiv sənədlərində göstərilir ki, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. O cümlədən Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilib. Ümumiyyətlə, ermənilərin 1918-ci ilin yazında Bakıda və bölgələrdə törətdikləri qırğınlar nəticəsində aralarında çoxlu sayda uşaq, qadın, qoca olmaqla 50 mindən çox soydaşımız həyatını itirib.
31 mart soyqırımına siyasi və hüquqi qiymət verilməsi erməni vəhşilikləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük önəm daşıyır. Tarix boyu saysız-hesabsız cinayətlərə, terror hadisələrinə, qətliamlara əl atan, “lövbər” saldıqları bütün ərazilərdə etnik təmizləmə aparan, başqa xalqların, o cümlədən də azərbaycanlıların mədəni irsinə sahib çıxmağa çalışan ermənilər, bir qayda olaraq, beynəlxalq miqyasda özlərinin məzlum obrazlarını yaratmağa cəhd göstərirlər. Onlar hər vəchlə ona nail olmaq istəyirlər ki, törətdikləri çirkin əməllər unudulsun, dünya xalqları ermənilərin Cənubi Qafqazın aborigen sakinləri olduqlarına, burada hansısa bir mədəniyyət yaratdıqlarına inansın. Bundan ötrü ermənilər min cür fərziyyələr uydurur, havadarlarının köməyi ilə yalan üzərində qurulmuş təbliğat aparırlar. Faciələrimizin gələcəkdə də təkrarlanmaması naminə biz tariximizi yaxşı öyrənməli, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri faciələr barədə ətraflı bilgilərə yiyələnməli, onların yalanlarını, uydurmalarını hər zaman, hər yerdə faş etməliyik. İndiki dövrdə internet resursları, sosial şəbəkələr erməni yalanlarını dünyada yaymaq üçün geniş imkanlar açır.
Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev Ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımına ilk dəfə hüquqi və siyasi qiymət verilməsi üçün 1998-ci il martın 26-da “Azərbaycanlı­ların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu da erməni vəhşilikləri haqqında həqiqətlərin bütün dünyaya yayılması baxımından böyük önəm daşıyır.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondu çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.
Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işlər görməliyik.

Fikirlər

 Oxşar xəbərlər: