Xəbər lentİ


İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayət - 31 Mart soyqırımı

22:03, 29.03.24
17
siyaset
İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayət - 31 Mart soyqırımıMusa Abbasov,
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru, tibb üzrə fəlsəfə doktoru

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu ÖndərHeydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu ÖndərHeydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdığı hərbi cinayətlərin nəticəsi olaraq minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı. Ulu Öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
Məlum olduğu kimi, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirdilər, diri-diri yandırdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da bu soyqırımın qurbanı oldular.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsasını qoyduğu uğurlu siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir. Cənab Prezidentin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilərək 2013-cü il sentyabrın 18-də açılmışdır.
Ən əsası, bu hadisələr qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcək, Azərbaycan tarixində əbədi qalacaqdır. Xüsusilə qeyd etmək lazmdır ki, 31 mart soyqırımı bəşəriyyət tarixində bir faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. İkinci Qarabağ - Vətən Müharibəsində Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin tapşırığını yerinə yetirən müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları xalqımıza qarşı törədilmiş vəhşiliklərin, soyqırımların qisasını almağa daim qadirdir.

Fikirlər

 Oxşar xəbərlər: